
Xəbər verdiyimiz kimi, 2013/14 futbol mövsümünün II yarısında Bakının "Rəvan" klubunda çıxış etmiş sol cinah müdafiəçisi Julio Sezar Mendes Moreyra Azərbaycandan FİFA-ya şikayət edib. Daha doğrusu, 33 yaşlı futbolçu 1 illik müqaviləsinin birtərəfli qaydada pozulmasına görə Nuru Əliyevin sahibi olduğu klubdan FİFA-ya şikayət məktubu yazıb.

Artıq buna görə FİFA-nın göstərişi əsasında I dəstədə çıxış edən "Rəvan"ın 6 xalı silinib. Nəticədə "Rəvan" aşağı divizionda XIII pilləni ən sonuncu - XIV sıraya təhvil verməli olub.
Qaynarinfo.Az bu məsələnin detalları haqda məlumat əldə edib. Əvvəla onu qeyd edək ki, Julio Sezarın FİFA-da hüquqi işləri ilə məşğul olan şəxs bolqar hüquqşünas Radostin Vasilev olub. Bəs niyə ölkəsi Braziliyadan yox, məhz Bolqarıstandan? Məsələ burasındadır ki, Julio 2006-cı ildə Bolqarıstanın "Belasitsa", 2009-cu ildə "Montana" klublarının şərəfini qoruyub. Məhz Bolqarıstandakı karyerası bu işbirliyinə rəvac verib.

FİFA-nın Mübahisələrin Həlli Palatası bu iş üzrə ötən ilin mayın 12-də ilk qərarını çıxarıb və qərarda Julio Sezara ödənilməyən maaşı və bu maaşın 5 faiz həcmində təzminatının verilməsi tələb olunub. Lakin "Rəvan" bu borcu ödəməyib.
Bu üzdən FİFA-nın İntizam Komitəsi bu ilin sentyabrın 22-də yeni qərar çıxarıb. Qərarda göstərilib ki, "Rəvan" klubu bu məsələdə günahkardır və FİFA-nın İntizam Məcəlləsinin 64-cü maddəsini pozub. Buna görə də Bakı klubu daha 10 min İsveçrə frankı cərimə ödəməyə məhkum edilib.
İntizam Məcəlləsinin 4-cü bəndinə əsasən "Rəvan"a 30 gün ərzində bu pulları ödəmək əmr edilib. Əks halda hüququ pozulmuş futbolçunun nümayəndəsinin xahişi ilə klubun 6 xalının silinəcəyinə dair göstərişin veriləcəyi xəbərdarlıq edilib. Və yenə FİFA-nın qərarı klub tərəfindən icra edilmədiyi halda növbəti dəfə "Rəvan"ın aşağı dəstəyə göndəriləcəyi vurğulanıb. Bu qərar 20 oktyabrda AFFA-ya, "Rəvan"a və futbolçuya göndərilib. Məhz bu üzdən 30 gün bu tarixdən hesablanıb.




30 gün müddəti isə noyabrda başa çatıb və "Rəvan" tərəfindən heç bir addım atılmayıb. Nəticədə FİFA futbolçunun nümayəndəsinin noyabrın 23-dəki müraciəti əsasında dekabrın 19-da qərar çıxarıb və qərar AFFA-nın baş katibliyinə göndərilib. Qərarda dərhal AFFA-nın "Rəvan"ın 6 xalını silməsinə dair əmr verilib. AFFA-ya isə bunu etməyəcəyi halda FİFA yarışlarından uzaqlaşdırılacağı ilə bağlı xəbərdarlıq verilib. Ancaq maraqlı burasındadır ki, AFFA düz 1 həftə sonra (yəni bu gün - S.T.) "Rəvan"ın 6 xalının silinməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Radostin Vasilev Bakının "İnter" klubundan FİFA-ya şikayət etmiş fransız müdafiəçi Yoan Bokonyanonun da işi ilə məşğul olub. Lakin onda FİFA İntizam Komitəsi futbolçunun iddiasını təmin etmədiyi üçün o, CAS-a (İdman Arbitraj Məhkəməsi - S.T.) müraciət etmişdi. Bununla belə, tərəflər CAS qərar çıxarmamışdan əvvəl razılığa gəlmiş və iş bağlanmışdı.
Səbuhi TOFİQOĞLU