
Məlum olduğu kimi, "İnter" klubu transfer qadağası ilə üzləşib. FİFA futbolçulara borcu üzündən "İnter"ə qarşıdakı 2 dönəm üçün transfer qadağası qoyub.
Qaynarinfo.Az xəbər verir ki, bu qərar verilməyə də bilərmiş.
Bildiyiniz kimi, FİFA-dan daxil olan məktub fransız Yoan Bokonyanonun şikayəti əsasında qurulub. 2014-cü ilin yanvarında "İnter"ə keçən Bokonyanonun klubla müqaviləsi 1+1 illik idi. Müqaviləsinin dəyəri isə o vaxtkı pulla təxminən 200 min dollar olub. İlyarım Azərbaycanda oynayan Bokonyano maaş almadığı ayların pullarını "İnter"dən tələb edib. "İnter" bu pulları futbolçunun meneceri ilə danışıqlar əsasında 10 faiz güzəştlə ödəyib (62-63 min).
Lakin futbolçu oynamadığı 6 ayın da pulunu (2015/16 mövsümünün ilk 6 ayı - red.) "İnter"in ödəməsini istəyib. Halbuki qaydalara görə, əgər futbolçu müqavilədə nəzərdə tutulduğu müddətdə oynamazsa, klub illik maaşının maksimum 75 faizini futbolçuya verə bilər. Bunun üçün isə futbolçu heç bir kluba keçməməlidir. Lakin Bokonyanonun ötən ilin iyununda Rumıniyanın "Petrolul" (orda artıq çəki dərəcəsinə qalmayıb), ardınca isə Belçikanın "Tubize" klubu ilə 2500 avroya müqavilə bağlaması bu 75 faizin verilməsinin qarşısını alıb. Elə bu amil də "İnter" rəhbərliyini arxayınlaşdırıb. Belə ki, başqa klubla müqavilə bağlayan futbolçunun daha FİFA-ya şikayət etməyəcəyi, üstəlik futbolçunun borclarının ödənildiyi zənn edilib.
"İnter" hüquqşünaslarının unutduğu bir məqam da olub. Klub tərəfindən müqavilənin (break contract) pozulmasına görə Bokonyanoya təzminat qismində 16 min ödənilməyib. Bokonyanonun hüquqşünası isə FİFA-ya şikayət zamanı "İnter" tərəfindən onlara 63 minin ödənildiyini bildirməyib. Məhz bu üzdən "İnter"ə daxil olan məktubda FİFA 63 min + 16 minin ödənilməsini tələb edib.
"İnter" artıq CAS-a (apellyasiya instansiyası) müraciət etmə hüququnu da itirib. Çünki klub transfer qadağasının ləğv olunması üçün futbolçuya borcların ödənildiyini qəbzlər vasitəsilə sübut edə bilərdi. Lakin görünür, klubda qərarın dəyişilməyəcəyi, CAS-a xərclənəcək pullar göz önünə gətirilib və FİFA qərarı ilə razılaşmalı olublar.
"İnter"in prezidenti Rəşad Qasımov isə saytımıza açıqlamasında bildirir ki, bu cəza borca görə yox, FİFA-ya klubdan daxil olan şikayətlərin çoxluğuna görə verilib. Qasımov iddia edir ki, futbolçulara borcları ödənilib. FİFA isə məsələyə başqa prizmadan yanaşaraq qərar verib:
"Rəsmi şəkildə demişəm. Yenə təsdiqləyirəm ki, klubun heç bir futbolçuya, heç bir məşqçiyə qəpik də olsa borcu yoxdur. Bizə FİFA tərəfindən transfer qadağası borclara görə yox, klubdan bu qurumdan ardıcıl şikayətlərin daxil olmasına görə verilib. Bu, FİFA-ya bizim klubun əleyhinə 7-8 futbolçudan şikayətin daxil olmasının nəticəsinə görə idi. Yəni, borcları ödəməyimizdən asılı olmayaraq, bu qədər şikayətin daxil olması FİFA qaydalarının pozulması deməkdir. Sanki "qırmızı"da keçmişik, amma maşın vurmamışıq. Bununla belə, bizə cəza gəlməli idi. Hazırkı duruma görə heç kimə borcumuz yoxdur. Ancaq sonradan hansısa futbolçunun yuxusuna girsə ki, bizim ona borcumuz var, bax bunu mən deyə bilmərəm. Sentyabrın sonlarında artıq hissə-hissə ödədiyimiz borcların hamısı bağlanıb. Əgər biz bu borcları ödəməsəydik, cəzaların arxası gələcəkdi. "Rəvan" və "Bakı" klublarında xalların silinməsi kimi sanksiyalar bizə də tətbiq olunacaqdı. Sadəcə, qadağa bizə verilən ilkin xəbərdarlıq idi".
Qaynarinfo.Az