İdman 12:03 20.01.2023

Final matçından öncə hadisə - 1 ölü, 60 yaralı

İraqın Bəsrə şəhərində Ərəb Körfəzi Kuboku çərçivəsində baş tutan final matçı öncəsi xoşagəlməz hadisələr yaşanıb.

Qaynarinfo-nun məlumatına görə, hadisələr zamanı 1 nəfər ölüb, 60 nəfər yaralanıb. İraqın rəsmi agentliyi İNA-nın yaydığı xəbərə görə, Bəsrədə azarkeşlər İraq və Oman milliləri arasında "Palm Trunk" stadionunda keçirilən final matçına səhər saatlarından etibarən axın etməyə başlayıb. Nəticədə stadion ətrafında izdiham yaranıb, 1 nəfər əzilərək ölüb, 60 nəfər yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Final matçı öncəsi hazırlıqlarla bağlı yerli hakimiyyət orqanları ilə görüşən İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani hadisələrdən sonra insanlara səslənərək, turnirin ən yaxşı şəkildə başa çatması üçün müvafiq qurumlarla həmrəy olmalarını istəyib.

"Ərəb Körfəzi Kuboku"nun final matçı İraqın Oman üzərində 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Səbuhi Həsənov