
Məlum olduğu kimi, 2 gün əvvəl ölkə kubokunun final görüşünün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi məlum oldu. Halbuki final görüşünün Gəncədə keçirilməsi birmənalı şəkildə Klublar Komitəsinin martın 1-dəki iclasından sonra qəbul edilmiş və PFL-ə tövsiyə olunmuşdu.
Lakin sonradan Musayev verdiyi açıqlamasında Gəncədəki stadionun projektorlarının olmamasını, arenanın süni işıqlandırma tələblərinə cavab verməməsini irəli çəkərək bunun üzərindən xətt çəkdi. Qəbələdəki stadiona isə ötən il final orda keçirildiyi üçün yenidən lüzum görülmədi.
Lakin Qaynarinfo.az-ın əldə etdiyi xəbər belə deməyə imkan vermir. Və belə deməyə imkan verir ki, əslində səslənən fikirlər sadəcə bəhanələrdir. Belə ki, PFL öncədən hər 2 klubun finalın keçirilmə məkanı ilə bağlı fikirlərini öyrənib. "Qarabağ" tərəfi yaxşı stadionda oynamaq, "Neftçi" isə Bakıda bu görüşü keçirmək istədiklərini bildiriblər. Yekunda mayın 25-dəki görüşün "Qarabağ"ın avrokubok oyunlarına görə təmirdən yenicə çıxan mərkəzi arenaya salınması məsləhət bilinib. Əslində PFL-ə də, klublara da paytaxt variantı sərf edirdi. Kim ölkədə maliyyə böhranı yaşandığı bir vaxtda "isti" Bakını qoyub, uzaq bölgələrə getməklə əlavə xərcə düşmək istəsin ki?!
O ki qaldı Gəncədəki stadionun süni işıqlandırılmasına, xərc çəkib ora projektorları saldırmaq mümkün idi. Oyunun yenidən Qəbələyə salınmaması bəhanəsi isə lap gülüncdür. Nə var, nə var kubokun finalı keçən il orda keçirilib. Yenə olsun. Ötən ilki final pis oldumu, məncə, yox... Onda gərək builki final ümumiyyətlə keçirilməsin. Çünki "Qarabağ"la "Neftçi" ötən il də qarşılaşmışdı...
Qaynarinfo.az