
Milli komandamız AVRO-2016-nın seçmə mərhələsinin startından əvvəl son yoxlama oyununu keçirib. "Sport7" xəbər verir ki, yığmamızın rəqibi Rusiya olub.
Moskvadakı "Ximki Arena"da baş tutanr oyun millimizin darmadağını ilə yekunlaşıb. 6-cı dəqiqədə hesabı açan Aleksandr Kerjakov cəmi 6 dəqiqə sonra dublunu rəsmiləşdirib. 41-ci dəqiqədə Sergey İqnaşeviç fərqi artırıb. Son nöqtəni isə 81-ci dəqiqədə Vladimir Qranat qoyub.
Qeyd edək ki, bu Azərbaycan və Rusiya yığmaları arasında 5-ci matç olub. Komandalar DÇ-2010 və DÇ-2014-ün seçmə mərhələlərində qarşılaşıb. Hər iki halda Rusiya ilk oyunları qazanıb (2:0, 1:0), cavab oyunları sülhlə bitib (hər ikisi 1:1).
Yığmamız növbəti oyununu sentyabrın 9-da Bolqarıstana qarşı keçirəcək. AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq oyun "Bakcell Arena"da keçiriləcək və saat 21.00-da başlayacaq.
Yoldaşlıq oyunu
3 sentyabr
Rusiya - Azərbaycan 4:0
Qollar: Aleksandr Kerjakov, 6; 12. Sergey İqnaşeviç, 41. Vladimir Qranat, 81.
Foqtsdan acı etiraf
"Rusiyanı qələbə münasibəti ilə təbrik edirəm. Onlar bizdən güclü idi və nəticədə də bunu göstərdi". Bu sözləri Rusiya ilə oyundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
0:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında danışan alman çalışdırıcı oyunu dəyərləndirib: "Rusiyadan həm sürətdə, zəm də taktiki cəhətdən geri qaldıq. Futbolçular görmək istəmədiyim səhvlərə yol verdilər. Belə oyunlarda eksperimentlər aparırıq. Yoxlama oyunları da məhz bunun üçündü".
"Özbəkistan və Rusiya ilə oyunlar göstərdi ki, yığmamızın AÇ-2016-nın final mərhələsinə çıxmaq istəyi ciddi deyil. Siz hələ də əvvəlki fikrinizdə qalırsız" sualına Foqtsun cavabı belə olub: "Mən fikirimdə qalıram. Biz final mərhələsinə çıxmaq üçün mübarizə aparacağıq. Xüsusən, ev oyunlarında yaxşı oynayırıq. Mən komandama inanıram. Əsas odu ki, mövcud problemləri gördük və onları aradan qaldırmaq imkanımız olacaq".
Qaynar.info










