
2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyununun təyinatları açıqlanıb.
Qaynarinfo.Az xəbər verir ki, Belfastın “Uindzor Park” stadionunda baş tutacaq qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Kleman Türpen olacaq. Ona həmyerliləri Nikola Danos və Siril Qrinqor kömək edəcəklər. Görüşün IV hakimi funksiyası Frank Şneyderə həvalə olunub.
2010-cu ildən FİFA hakimi olan 34 yaşlı fransalı beynəlxalq oyunlarda zəngin karyeraya malikdir. AVRO-2016-nın final mərhələsinə təyinat alan Türpen UEFA-nın II kateqoriyalı hakimidir. Bu turnirdə Avstriya – Macarıstan (0:2), həmçinin yığmamızın rəqiblərinin iştirakı ilə baş tutan Şimali İrlandiya – Almaniya (0:1) qarşılaşmalarını idarə edib. Bundan başqa, bu il keçirilən Olimpiya Oyunları, həmçinin U-21 və U-19-ların qitə çempionatının final mərhələsində fit çalıb.
O bu ilin mayında Fransa Futbol Federasiyası tərəfindən ən yaxşı yerli hakim seçilib. Kleman Türpen 2011-ci ildə 28 yaşı olanda Fransa Kubokunun tarixinə düşməyi bacarıb. Belə ki, finalda PSJ - "Lill" matçını (0:1) idarə etməklə bu turnirdə hakimlik etmiş ən gənc referi ünvanına sahib çıxıb. Onun UEFA İnkişaf Proqramındakı müəllimi ispaniyalı sabiq referi Medina Kantalexo olub.
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qaynarinfo.Az