İdman 14:48 08.09.2022

“Frayburq”- "Qarabağ": Aftandil Hacıyev müqayisəli təhlil edir

"Qarabağ”ın sabiq futbolçusu Aftandil Hacıyev bu gün Avroliqanın qrup mərhələsi çərçivəsində "Frayburq”la baş tutacaq matçdan öncə fikirlərini bildirib. 

Mütəxəssis Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın hazırkı durumunu qiymətləndirib, şanslar haqqında düşüncələrini bölüşüb: 

"Qarabağ” öz oyunu, təcrübəsi ilə istənilən rəqibə qarşı mübarizə aparmağa hazırdır. Baxmayaraq ki, "Fraybur” ölkə çempionatında birinci yerdədir və onlarla səfərdə qarşılaşcağıq. "Qarabağ”ın belə səfər oyunlarından uğurlu nəticə ilə döndüyünün dəfələrlə şahidi olmuşuq. Düzdür, Vadjinin getməsi, zədəli futbolçuların olması itki sayıla bilər. Lakin "Qarabağ”ın oyununa görə nəticələrinə ümid bəsləmişik. Bu oyunda da eyni ümidlərlə komandanın yaxşı nəticə qazanacağına inanırıq”. 

Hacıyev "Frayburq”u favorit kimi qiymətləndirsə də, "Qarabağ”ın uduzmamaq şanslarının da yükək olduğunu bildirir:

"Bu, təhlildən asılıdır. Rəqibin oyununu məşqçilər daha yaxından təhlil edib, boşluqlarını və ya üstün cəhətlərini komandaya çatdıracaqlar. Biz ancaq statistikaya əsasən fikir bildirə bilərik. Bundesliqa ilə Azərbaycan çempionatını müqayisə etmək doğru olmazdı. Bəlkə də Avroliqa təcrübəsi "Qarabağ”da daha çoxdur. Amma oyun keyfiyyəti baxımından məncə, "Frayburq” daha üstündür. Çünki Almaniya Bundesliqasındakı oyunlar Azərbaycan çempionatındakı qarşılaşmalardan sürət, güc, azarkeş, atmosfer baxımından qat-qat üstündür. "Qarabağ”a isə düşünürəm ki, avrozonada keçirdiyi oyunlar kömək olacaq. Bütün hallarda "Frayburq” evdə, öz azarkeşləri qarşısında oynayacaq. Ölkələrinin çempionatında da turnir cədvəlinin ən üst pilləsindədirlər. "Frayburq”u favorit kimi qiymətləndirmək olar. Amma "Qarabağ”ın məğlub olmamaq şansları da yüksəkdir”.

Veteran müdafiəçi sabiq komandasında qapıdan tutmuş hücum mövqeyinə qədər keyfiyyətli futbolçuların toplaşdığını deyir:

"Hamımız bilirik ki, "Qarabağ” qısa ötürmələrə, oyunun gedişatını ələ almağa, topu saxlamağa üstünlük verir. Oyun bunun əksinə, atletik məcrada davam edərsə, əziyyət çəkə bilərlər. Rəqiblər fərqli oyun üslubuna üstünlük verirlər. "Qarabağ” hansı mövqelərdə axsayır, bu barədə fikir bildirmək istəmirəm. Doğru olmaz. Məncə, "Qarabağ”da qapıdan tutmuş hücumçulara qədər, hər mövqedə keyfiyyətli futbolçular var. Sadəcə, itkilər olanda komanda hansısa oyunlarda zəifləyir. Çünki praktikası nisbətən az olan futbolçular oynayır. Ümumlikdə "Qarabağ” keyfiyyətli futbolçşulardan formalaşıb”.

Səbuhi Həsənov