
Futbol üzrə 2026-cı il dünya çempionatının final mərhələsində 48 komanda mübarizə aparacaq.
Qaynarinfo.Az xəbər verir ki, qərarı FİFA-nın Şurası təsdiqləyib.
Şura bu gün keçirilən iclasında mundial iştirakçılarının sayının 32-dən 48-ə çatdırılmasını məqsədəuyğun sayıb. Həlledici mərhələdə çıxış edən 48 komanda 16 qrupda mübarizə aparacaq. Hər qrupda 3 komanda yer alacaq və ilk 2 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcəklər.
Bu qərar yekdilliklə qəbul olunub. Artıq bu yerlərin qitələr üzrə necə bölüşəcəyi ilə bağlı ehtimallar üzə çıxıb.
Avropa 16, Afrika 9,5 (bir komanda digər qitədən olan yığma ilə pley-off oyunu keçirəcək), Asiya 8,5, KONKAKAF zonası və Cənubi Amerika hərəsi 6,5, Okeaniya isə 1 komanda ilə təmsil olunacaq.
Qeyd edək ki, 9 il sonra keçiriləcək dünya çempionatının ev sahibi hələ bilinmir. Namizədlərin qeydiyyatı prosesinə mayın 10-da Malayziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək FİFA-nın Konqresində start veriləcək. Ancaq artıq Kanada, ABŞ, Meksika, Kolumbiya, Avstraliya/Yeni Zelandiya, Mərakeş, Qazaxıstan rəsmiləri vasitəsilə istəklərini ifadə edib.
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov isə 2012-ci ilin mayın 22-də Azərbaycanla Türkiyənin birgə bu dünya çempionatını keçirmək istəyini təklif kimi bildirib. Buna əsaslanaraq ötən il FİFA prezidenti Canni İnfantino da Azərbaycanla Türkiyənin birgə dünya çempionatı keçirmək istədiyini bildirmişdi. Lakin ötən ilin aprelində Azad Rəhimov bu xəbəri təkzib etmişdi.
Qaynarinfo.Az