Braziliya klubu "Palmeyras"ın 16 yaşlı futbolçusu Endrik oyun zamanı əvəzləndiyi üçün ağlayıb.
Qaynarinfo-nun məlumatına görə, bunu komandanın baş məşqçisi Abel Fereyra da təsdiq edib.
Ölkə çempionatında "Braqantino" ilə qarşılaşan "Palmeyras" 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənən və ehtiyat oyunçular skamyasına göndərilən Endrik burada göz yaşlarını saxlaya bilməyib. Baş məşqçi onun təzyiq altında olduğunu bildirib:
"Bəli, ağladığı doğrudur. Ona görə də üzünü örtdü. Atası deyiləm, amma mən onu qucaqlamalıydım. Belə situasiyalarda sakit olmalısan. Heç kim tənqidi sevmir. Qol vurmaq üçün Endrik üzərində çox təzyiq var və o, bununla məşğul olmağa çalışır. Vaxtı gələndə qol vuracaqsan, sadəcə sakit qalmaq və gülümsəmək lazımdır".
2024-cü ilin iyulunda 18 yaşı tamamlanandan sonra Madrid "Real"ına gedəcək gənc futbolçu "Palmeyras"ın heyətində bu il ümumilikdə 10 oyun keçirib və qol vura bilməyib.
Səbuhi Həsənov