Müxtəlif ölkələrin çempionatlarında çıxış edən azərbaycanlı futbolçular bu gün növbəti oyunlarını keçiriblər.
Qaynarinfo xəbər verir ki, Almaniyanın II Bundesliqasında çıxış edən milli komandamızın üzvü Dmitri Nazarovun komandası "Aue" doğma meydanda "Bohum"la qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. "Aue"yə qələbə gətirən qolu Nazarov vurub. 75-ci dəqiqədə meydana daxil olan yarımmüdafiəçi 90+4-cü dəqiqədə penaltidən fərqlənməklə, komandasına vacib 3 xal qazandırıb.
Almaniyanın III Bundesliqasında çıxış edən "Proyssen"in formasını geyinən milli komandamızın digər üzvü Rüfət Dadaşovun Braunşveyq "Ayntraxt"ına qarşı 90 dəqiqə oynayıb. 3:3 hesabı ilə başa çatan qarşılaşmada 27 yaşlı hücumçu ilk iki qolda məhsuldar ötürmə ilə yadda qalıb.
Rusiyanın "Krılya Sovetov” klubunda çıxış edən Ramil Şeydayev Premyer Liqanın XXVI turunda "Zenit”ə qarşı forma geyinib. Qarşılaşma Sankt-Peterburq təmilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start heyətdə başlayan Ramil 40-cı dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsini komanda yoldaşı Serqey Tkaçuk qolla tamamlayıb. Lakim Şeydayev matçı bitirə biləməyib. Belə ki, futbolçumuz 78-ci dəqiqədə isə kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydandan qovulub.
Çexiyanın Gənclər Liqasında forma geyinən gənclər millimizin üzvü Fərid Nəbiyev isə "Slaviya”nın U-21 komandası ilə "Karvina”ya qarşı oynayıb. Görüş "Slaviya”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyuna start heyətində başlayan Fərid 90 dəqiqə meydanda olub. Futbolçumuz 2 qolla komandasına qələbə qazandırıb.