Ekonomiks 16:33 07.05.2023

Füzuli yaşayış kompleksi bu tarixdə təhvil veriləcək (FOTOLAR)

Füzuli yaşayış kompleksinin inşası Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb və mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib.

Diana Dadaşova deyib ki, ümumi sahəsi 8.9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir: 

"Bununla yanaşı 4, 5, 6 və 7 mərtəbəli binalardan ibarət olan yaşayış kompleksində ümumilikdə 846 mənzil olacaq. Bu mənzillərdən 318-i iki otaqlı, 430-u üç otaqlı, 98-i isə dörd otaqlı olacaq. Hazırda kompleksdə tikinti işləri surətlə və keyfiyyətlə davam etdirilir. Birinci məhəllədə tikinti işlərində dəmir-beton konstruksiyaların quraşdırılması işləri başa çatıb. Eyni zamanda ikinci məhəllədə yerləşən altı binada dəmir-beton konstruksiyaların quraşdırılması işləri yekunlaşmaqdadır. Paralel olaraq birinci məhəllədə yerləşən altı binada xarici və daxili divarların hörgüsü və suvaq işləri tamamlanma mərhələsindədir. Bununla yanaşı qalan binalarda da dəmir-beton konstruksiyaların quraşdırma işləri davam etdirilir və bu binaların çoxunda hörgü və suvaq işlərinin həyata keçirilməsinə başlanılıb. 2023-cü ilin sonunadək kompleksin təhvil verilməsi planlaşdırılır. Kompleksdə yerləşən bütün mənzillər tam təmirli olacaq. Mətbəx mebeli, qaz piltəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Eyni zamanda binalarda lift quraşdırılacaq, həmçinin mərkəzləşdirilmiş qazanxana sistemi vasitəsilə istiliklə təmin ediləcək. Yaşayış kompleksinin ərazisində binalarla yanaşı yeraltı və yerüstü dayanacaqlar, sosial məişət obyektləri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək”.