(Yazı "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanmışdır)
Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Bu gün İKT-nin inkişafı həyatımızın hər nöqtəsində informasiya alımını daha da sadələşdirərək əlçatan edir. İKT-nin günü-gündən inkişaf etməsi, yeni texnoloji nailiyyətlərin əldə edilməsi bütün dünyada olduğu kimi Azərbaycanda da informasiya mübadiləsi prosesini asanlaşdırır. Dövlət də bu sahədə müəyyən işlər görərək Azərbaycanı qlobal informasiya bazarına çıxması üçün şərait yaradır. Belə ki, bununla bağlı müxtəlif zamanlarda imzalanan sənədlər müasir dövrdə informasiya mübadiləsinə şərait yatmağa imkan verir.
2003-cü ildə Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi "2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı", həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və "İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycan dövlətinin İKT-nin inkişafına diqqətlə yanaşdığını göstərir.
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaqdır.
Tədrisin inkişafı insanlara yeni tədris imkanları bəxş edir, geniş informasiya mənbələrinin əlçatan edir. Ağıllı cihazlar insan həyatını daha komfortlu, təhlükəsiz edir v.s.
Qlobal informasiya mühiti
İnformasiya cəmiyyətinin bir neçə əsas xüsusiyyəti var:
Bunlardan biri qlobal informasiya mühitinin yaradılmasıdır.
Azərbaycanda qlobal informasiya mühitin yaradılması bu sahədə görülən işlər və s.-dən Qaynarinfo-ya danışan İKT üzrə ekspert Ələsgər Əhmədoğlu qeyd edib ki, ölkəmizdə hazırki vəziyyətdə informasiya mühiti mövcuddur:
"Dünyada internetin çox yayqın, sürətli olması, eyni zamanda komunikasiyaların çox sıx, yeni alətlərlə aparılması, yeni sosial ünsiyyət proqramlarının yayqınlaşması və alternativ kommunikasiya imkanlarının çox yüksək olması təbii ki, qlobal informasiya mühitini artıq yaradıb. Məsələn, biz bu gün burda oturduğumuz anda istər digər qitələrdə nə baş verdiyini rahatlıqla görə, eşidə, dinləyə, oxuya bilirik. Bu baxımdan burada ən önəmli olan məsələ yəni mühit mövcuddur. Sadəcə, bu mühitə çıxış imkanları məsələsi problematikdir. Məsələn, dünən beynəlxalq internetin sürətini ölçən qurum dünya ölkələri üzrə internet sürəti ilə bağlı reytinqi açıqladı. Azərbaycan internetin sürətinə görə 167-ci yerdədir. Bu, olduqca geri rəqəmdir. Qeyd edim ki, son dörd ildə bu rəqəm 102-ci yerdən 167-ci yerə qalxıb. Yəni 65 pillə geriləmişik. Bu da o baxımdan kifayət qədər problem yaradır ki, bizdə inkişaf etməkdə olan bu məkana ən önəmli çıxış və paralel olaraq informasiyanı paylaşmaq imkanı məhdud çərçivədədir.
Ekspert bildirib ki, Bakıda internetin sürəti olsa da, regionlarda, ümumiyyətlə, sürət yoxdur. Bu bizim həm qlobal informasiya mühitinin yaranması prosesinə qatqımızı məhdudlaşdırır, həm də mövcudlara əl çatanlığımıza təsir edir”.
İnsan sivilizasiyasının yeni mərhələsi
Ekspert Vahid Qasımova görə isə, informasiya cəmiyyəti insan sivilizasiyasının yeni mərhələsidir. Hansında ki, insanların əsas məşğuliyyətini verilənlərin toplanması, işlənməsi, saxlanılması, məlumatların emalı və biliyin üzə çıxarılmasının təşkil edir:
"Bu mərhələdə cəmiyyətin əsas dəyərlərini İnformasiya, Bilik və İnformasiya Texnologiyaları təşkil edir. Buna bağlı olaraq KİV və İnternetin insanların həyatında əhəmiyyətli rolu oynaması dolayısı ilə əhalinin əsas hissəsinin İT, kommunikasiya sahəsində fəaliyyət göstərir. Tələb olunan xidmətlərin böyük əksəriyyəti elektron mühitdə mövcud olur. Qlobal ümumdünya informasiya mühiti yaradılır”.
İnformasiyalaşdırma – mənfi və müsbət məqamları
Ekspertin sözlərinə görə, informasiyalaşdırma özü ilə müsbət və mənfi məqamlar gətirir:
"Elektronlaşdırma ilə birlikdə bir tərəfdən kağızın İT resursları ilə, odun, kömür və neftin elektrik enerji ilə, ağır fiziki əməyin intellektual əməklə əvəz olunması ozü ilə paralelində insanların arasında qloballaşmış münasibətlərin yaranması bir yandan, fərdiçiliyin itməsi, insani emosoyaların qalması ilə birlikdə, onların başqa mühitlərə daşınması müşahidə olunur”.
İnformasiyalaşdırma - yeni ümumdünya trendi
Vahid Qasımov qeyd edir ki, Azərbaycan son 10 il ərzində ümumdünya trendinə ayaq uydurmaq məcburiyyətindədir:
"E-dövlətin nəzdində çoxlu xidmətlərin elektronlaşması, növbə, fiziki təmas, vaxt itkisi, çoxlu sənəd və formların doldurulması, korrupsiya, stress və s. kimi çoxlu narahatlıqları aradan qaldırır. Pandemiya zamanı e-tədrisin inkişafı insanlara yeni tədris imkanları bəxş edir, geniş informasiya mənbələrinin əlçatan edir. Ağıllı cihazlar insan həyatını daha komfortlu, təhlükəsiz edir və s.”.
Boşluqların aradan qaldırlması - Rəqabətli mühit
Ələsgər Əhmədoğlunun sözlərinə görə, indiki dövrdə bu sahədə olan boşluqları aradan qaldırmaq üçün birinci rəqabətli mühit təmin edilməlidir:
"Biz bu sahədə monopoliyadan imtina etməli, dövlətin yaratdığı infrastrukturun əlçatanlığını, yəni ondan istifadənin ucuzluğunu təmin etməliyik ki, müxtəlif provayderlər hər yerdə ola biləcək infrastrukturda bizə yüksək internet sürəti təqdim edə bilsinlər. Bu zaman əlbəttə, yeni kontentlər yaradıb, yeni qlobal mühitə inteqrasiya olmaq daha da rahat olacaq”.
Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunmasında da əsas vasitələrdən birinə çevrilir. Bunu üçün də cəmiyyətin zamanında lazım olan informasiya ilə təmin olunması üçün işlər görülür. Bu isə cəmiyyətin informasiyalaşdırlması adlanır.
İnformasiyalaşdırmanın əsas prinsipləri
İnformasiyalaşdırma dedikdə cəmiyyətin hər bir fərdinin maarifləndirmə, bərabərlik, innovasiya, şəffaflıq, beynəlxalq hüquq, millilik prinsiplərindən istifadə edə bilməsi üçün uyğun mühitin yaradılması nəzərdə tutulur. Bütün bunlara isə nəzarət bir sistemdə cəmlənməlidir.
Elektron hökumət
Dövlət idarəetmə orqanlarında və təşkilatlarında, yerli özünüidarəetmə orqanlarında informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi və inkişaf etdirilməsi, vətəndaşların, qeyri-hökumət təşkilatlarının dövlətin idarə edilməsində iştirakı üçün münasib şəraitin yaradılması, informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə siyasi sistemin müxtəlif tərkib hissələri arasında əməkdaşlığın gücləndirilməsi, dövlət qulluqçularının informasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərinin müntəzəm artırılması mexanizminin hazırlanması və həyata keçirilməsi, dövlət idarəetmə orqanlarında və təşkilatlarında elektron sənəd mübadiləsinin geniş tətbiqi, vətəndaşlara informasiya xidmətləri göstərən dövlət avtomatlaşdırılmış məlumat sistemlərinin, tematik, sahə, regional informasiya resurslarının yaradılması, seçkilər prosesində informasiya texnologiyalarının tətbiqinin inkişaf etdirilməsi elektron hökumətin əsas prinsipləridir.
İKT üzrə mütəxəssis Rəşad Əliyev qeyd edib ki, informasiyalaşdırma dedikdə bizdə daha çox elektron hökumət və s. başa düşülür. Əslində isə informasiyalaşdırma dedikdə işlətdiyimiz resursların elektron versiyalarının olması anlayışı nəzərdə tutulmalıdır:
"Məsələn, biletlərin alınması, balansların doldurulması, kommunal ödənişlərimiz, bank hesablarının idarə edilməsi və s. Yəni insanın evdən çıxaraq gedib istifadə etdiyi hər hansı bir xidmətin onlayn olması, insanların bu sahədə təhsil alıb inkişaf etməsi başa düşülməlidir”.
Onun sözlərinə görə, elektron hökumət artıq bizdə kifayət qədər inkişaf edib:
"Dövlətin bu sahəyə müəyyən bir dəstəyi var. Dövlət çalışır ki, insanların qəbulu, istifadəçilərin şikayətlərinin qəbulu, müəyyən xidmətlərin istifadəsi və proseslərin idarə olunması, nəzarət və s. bir mərkəzdən idarə edilsin”.
Rəşad Əliyevin sözlərinə görə, dövlətin bunları artıq onlayn idarə etmək, onlayn izləmək imkanları var:
"Artıq dövlətin bununla bağlı kifayət qədər təcrübələri, araşdırmaları var. Hətta bu proses davam edir”.
Ekspert bildirib ki, elektron hökumət vasitəsi ilə bir mərkəzdən idarəetmədə Estoniyanı nümunə gətirmək olar:
"Estoniyada bununla əlaqədər "erezidens” var. Bu, elektron vətəndaşlıq prinsipi adlanır. Bu prinsipə əsasən, sən Estoniyanın elektron vətəndaşı ola bilirsən. Estoniya daxilində şirkətinin idarə olunması və şirkətinə aid işləri artıq o elektron sənədi üzərindən apara bilirsən. Bizdə də bu sahədə müəyyən işlər gedir və yeni nəticələrin olması gözlənilir. Bu proseslərin sürətlənməsi gələcəkdə daxildə inkişafın getməsinə gətirib çıxara bilər”.
İKT ilə əlaqədar hüquqi-normativ baza
İnformasiya cəmiyyətinə keçidi təmin edən hüquqi-normativ bazanın işlənilməsi və inkişaf etdirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə bağlı dövlət standartlarının hazırlanması, informasiya və kommunikasiya texnologiyaları sahəsində lisenziyalaşdırma ilə bağlı fəaliyyətdə şəffaflığın təmin olunması, beynəlxalq təcrübənin nəzərə alınması, ümumi istifadə üçün nəzərdə tutulmuş geniş əhatəli normativ-hüquqi informasiya bankının yaradılması İKT sahəsində olan hüquqi-normativ bazanın əsas prinsipləri hesab edilir.
Bizdə bu hüquqi-normativ bazanın yaradılıb formalaşdırılması, onun prinsiplərinə uyğun problemlərin həlli məsələlərindən danışan Rəşad Əliyev bildirib ki, bu baza bizdə tam formalaşıb:
"Onun tam formalaşması həm təhlükəsizlik, həm inkişaf, həm də müəyyən strateji məsələlərlə əlaqədardır. Məsələn, buna proseslərin sürətli olmasını, nümunə olaraq saytların standartları ödəməsini göstərmək olar. Avropada saytlarda məlumatların göndərilməsi üçün spam haqqında qanun, Amerikada CAN-SPAM ACT adlı hüquqi baza var ki, buna əsasən məlumatların saxlanılması üçün müəyyən qanunlar tələb edilir. Həmçinin Avropada GDPR var ki, burada istifadəçilərin bütün məlumatlarının harada, necə saxlanılması barədə tələblərə tam riayət olunur”.
Ekspert bildirib ki, bizdə bu sahədə işlər görülməlidir:
"Həmçinin proseslərlə əlaqədar onu deyim ki, bizdə bu proseslərə nəzarət çox olduğuna görə, ləng gedir. Adi bir nümunə gətirə bilərəm. Məsələn, taksilərdə kartla ödəmə mümkün olduğu halda taksi sürücləri bundan çox da aktiv istifadə etmirlər. Buna səbəb isə nağd ödənişdə sürücünün həmin vəsaiti o anda əldə etməsi, kartla ödənişdə isə bu prosesin uzun çəkməsi olur. Ümumiyyətlə, bu sahədə sürətli işlərin görülməsinə tələb var. Burada proseslər daha sürətli olmalıdır ki, hər bir şey əlçatan olsun”
İnformasiya təhlükəsizliyi
Bu sahədə əsas prinsiplərdən biri də istər daxili, istərsə də beynəlxalq səviyyədə informasiyaların təhlükəsizliyinin təmin edilməsi və qorunmasıdır.
İnformasiya təhlükəsizliyinin qorunması dedikdə elektron cinayətkarlığa qarşı mübarizə, milli maraqları nəzərə almaqla vətəndaşların və bütün təşkilatların təhlükəsiz olaraq informasiya əldə etmək və ondan yararlanmaq hüquqlarının təmin olunması üçün vətəndaşların informasiya təhlükəsizliyini təmin edən mühitin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, informasiya texnologiyalarının inkişafı həyatımızı yeni mərhələyə gətirir. İnformasiyanın daha tez, operativ əldə edilməsi, dünyanın hər hansı bir nöqtəsi ilə komunukativ əlaqə, dövlətlə vətəndaşı arasında hüquqi münasibətin elektron müstəviyə keçməsi artıq İKT-nin həyatımızdakı yerinin daha dərinləşəcəyini, bütün proseslərin elektron müstəviyə keçəcəyinin ən bariz nümunəsi hesab olunur. Bu mərhələdə isə istər dövlətin, istərsə də insanların üzərinə informasiyadan düzgün istifadə edə bilmək kimi böyük məsuliyyət düşür.
Günay İlqarqızı
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
