Xəbər lenti

Gənc kadrlar klassik metodlara meydan oxuyur! (MÜSAHİBƏ/FOTO)
Ekonomiks10:58 10.08.2021

Gənc kadrlar klassik metodlara meydan oxuyur! (MÜSAHİBƏ/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Caspian Cable Systems zavodunun icraçı direktoru Elnur Bədəlov rəhbərlik etdiyi şirkətlə bağlı Qaynarinfo-ya müsahibə verib.
- Elnur bəy, öncə rəhbərlik etdiyiniz şirkət haqqında məlumat verərdiniz.
- Abşeron rayonunda yerləşən Caspian Cable Systems zavodu 2019-cu ildə qurulub. İki ildən artıqdır ki, fəaliyyət göstəririk. 2019-cu ildə şirkət qurulanda 17 nəfərlik kollektivə sahib idik. Hazırda Caspian Cable Systems zavodunun kollektivinin sayı 65 nəfərə yüksəlib. Kollektivimizin sayı zaman-zaman artmaqdadır. Yaxınlarda xaricdən yeni növ cihazlarımız gələcək. Azərbaycanda heç zaman istehsal olunmamış və hazırda tək Caspian Cable SYSTEMS zavodunda istehsal olunan yeni rabitə kabelləri sözügedən cihazlar vasitəsilə istehsal olunacaq. İndi isə zavodda geniş çeşiddə, müxtəlif ölçüdə mis və alüminium olmaq üzrə alçaq gərginlikli elektrik kabelləri, CAT5-CAT6-CAT7 ethernet (internet) kabelləri, koaksial (TV) kabelləri, siqnal kabelləri insan sıxlığının yüksək olduğu yerlərdə istifadəsi məcburi olan və yandığı zaman toksik (zəhərli) qaz buraxmayan, yanmaya davamlı, halogensiz ya da yanmaz kabel (HFFR) istehsalı gerçəkləşdirilməkdədir. Zavodun açıq ərazisi 21 min kvadrat metrdən çoxdur. Hazırda zavodun istehsal müəssisəsi daha da genişləndirilir. Bunun üçün ərazidə tikinti-quruculuq işləri davam etdirilir. 
- Zavodun şəhər kənarında salınmasının məqsədi nədir?
- Dünya praktikasında zavodlar və komplekslər şəhərdən kənar ərazilərə cəmləşdirilir. Bu, həm ekoloji, həm də iqtisadi baxımdan çox əlverişlidir. Zavodumuzu Abşeron rayonu Güzdək qəsəbə ərazisinə yerləşdirməyimiz ən uyğun variant kimi qəbul olundu. Bu gün zavodun yerləşdiyi ərazinin ətrafında 3 böyük kənd - Qobu, Sulutəpə, Güzdək qəsəbəsi var. Zavodda çalışanların əksəriyyəti sözügedən kəndlərin sakinləridir. Bu, həm də sözügedən qəsəbə sakinlərinə məşğulluq imkanının yaradılmasıdır. 
- Zavodda istehsal etdiyiniz kabel çeşidləri hansılardır? 
- Bu gün dünyada kabel istehsalı ilə minlərlə şirkət məşğul olur. Çünki bu sahə çeşidlərinə görə çox geniş sahədir. Dünyadakı bütün kabel növlərini toplasaq, sayı yüz mindən artıq olar. Bu çeşidlərin hamısını bir zavod tərəfindən istehsal etmək mümkün deyil və dünyada belə bir praktika yoxdur. Hazırda Azərbaycan Respublikası, Abşeron rayonunda yerləşən Caspian Cable Systems zavodunda minə yaxın kabel növü istehsal olunur. Bu kabelləri qruplaşdırmaq lazımdır. Çünki bu kabellərin hamısının bir-birndən fərqli təyinatı və prinsipləri var. Yuxarıda qeyd etdiyimiz kimi, şirkətimizin daxilində alçaq gərginlikli elektirik kabelləri və zəif axınlı kabellər (siqnal kabel) istehsal olunur.
- İstehsal etdiyiniz kabellər hansı növ işlərə sərf edilir? 
- Daha çox işıqlandırma işlərinə. Xalqın elektrik enerjisi ehtiyacını qarşılayan gördüyünüz işıq transformatorlarından sonra istifadə olunan bütün növ kabellərin istehsalını bizim zavodumuz həyata keçirir. Hazırda dövlət və özəl əhəmiyyətli binalarda, yaşayış komplekslərində, həyət evlərində zavodumuzun istehsal etdiyi kabellərdən istifadə olunur. Bununla belə, bu gün otellər, biznes mərkəzləri, ticarət mərkəzləri, hava limanları istehsal etdiyimiz kabellərlə təchiz edilir. İşğaldan azad olunan ərazilərimizdə də Caspian Cable Systems zavodunun rabitə kabellərindən istifadə olunur. Bununla belə, bizim Bakıda bir neçə yerdə satış mərkəzlərimiz var və əlavə olaraq məhsullarımız bütün regionlarda satılır. Şəxsi evlər, obyektlərdə də bizim kabellərdən alınıb, istifadə olunur. 
- Kabellərin keyfiyyətini necə müəyyənləşdirirsiniz?
- Biz məhsullarımızın keyfiyətindən tam əminik. Çünki hazırda gördüyümüz işə akademik səviyyədə yanaşırıq. Axı görüyümüz iş biləvasitə insan həyatına təsir göstərir. Bu gün elektrik kabelləri hər birimizin evində istifadə olunur. Hazırda dünyada baş verən 100 ev yanğınının 15-i kabellərin sayəsində baş verir. Bunun nə dərəcədə önəmli olduğununu açıqlanan statistikadan əldə etmək olar. Bu 15 ev yanğınından ən azı 60-70 faizi ölümlə nəticələnir. Ona görə də bizim gördüyümüz iş çox həssas və diqqət tələb edən sahədir. Caspian Cable Systems zavodunda çox müasir laboratoriya var. Bu laboratoriyada cihazları İsveçrə, Yaponiya və Türkiyədən gətirmişik. ABŞ-dan da bir cihazı 25 min dollara alıb, gətirəcəyik. 
Hazırda İqtisadiyyat Nazirliyinə akkreditasiya üçün müraciət etmişik. Bir neçə aya müraciətimiz təsdiqləndikdən sonra kabellərə zavodumuz daxilində keyfiyyət sertifikatı verəcəyik. Bununla belə, istehsal cihazlarımızı dünyanın bu sahədə ən inkişaf etmiş ölkələrindən alıb gətirmişik. İstehsal aparatı və avadanlıqlar əsasən Almaniya və Türkiyədən gətirilib. Avadanlıqlarımız tam dünya standartlarına cavab verir.
- Bu gün istehlakçılar ən çox hansı məhsullara üstünlük verirlər?
- Azərbaycanda bu sahədə istehlakçıların istifadə etdikləri məhsulların keyfiyyətindən bir balaca az məlumatlı olduqlarını düşünürəm. Veb saytımızda və sosial media hesablarımızda bu istiqamətdə məqalələr, kiçik video relizlər paylaşaraq həmçinin müştərilərimizin suallarına cavab verərək onların müxtəlif növ kabellərin keyfiyyəti ilə bağlı biliklərini artırmağa çalışırıq. Çünki kabel insanların gözündə sadəcə mis və yaxud alüminum izolyası ilə örtülmüş bir cismdir. Amma belə deyil. Kabel çox dərin elimdir. Nikola Tesla, Tomas Alva Edison, Maykl Faradey və digər bu kimi dahi alimlər elektrik enerjisinin ötürülməsindən ötrü ömürlərini xərcləyib və tamamilə bu işi çözə bilməyiblər.    
Biz də bu yola çıxaraq bu işin nə dərəcə çətin və önəmli olduğunu istehlakçılara çatdırmaq istəyirik. Bunun üçün bu gün işimizi ən azı akademik səviyyədə görməyə çalışırıq ki, xalqımızı keyfiyyətli kabellərlə təmin edək. 17 nəfərlik kollektivdən 63 nəfərlik kollektivə cəmi 2 il 3 ay ərzində qalxmışıq. Bu nə deməkdir? Bu o deməkdir ki, istehsal etdiyimiz kabellərin keyfiyyəti yüksək olduğundan təlabat da yüksəlib. Nəticədə istehsal həcmimiz və kolektivin sayı artıb. Gələcəkdə işçi sayı daha da artacaq. Bu gün yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif firmalar vasitəsilə istehsal etdiyimiz məhsullarımızı bölgələrə də çatdırırıq. Satışdan razı olsaq da, hədəfimiz daha böyükdür. Bu bizi qane etmir və daha çox satış imkanımız ola bilər. 
- İstehlakçılar kabelin keyfiyyətli və yaxud keyfiyyətsiz olduğunu necə müəyyənləşdirə bilər?
- Məqsədimiz adi gözlə, heç bir cihaz olmadan bir elektirik kabelinin keyfiyətli və yaxud keyfiyətsiz olduğunu istehlaçıların müəyyənləşdirə bilməsidir. 
Bunu adi gözlə seçə biləcəyiniz bir neçə nüans var. Ümumiyyətlə, kabellərlə bağlı bizim istehlakçılara maraqlı gələ biləcək bir nüans var. Kabellər bir neçə özəlliyinə görə qruplara bölünür. Bir də ötürücünün növünə görə qruplar var. Hansı ki, biz buna mis və alüminum kabellər deyirik. Hər iki kabelin özünə görə təyinatı var. 
- Mənzillər hansı növ elektrik kabellərlə təmin olunmalıdır?
- Əgər şəhərlərarası elektrik enerjisi ötürməsini, yaxud uzun məsafəyə elektrik enerjisi ötürməyi nəzərdə tuturuqsa, burada alüminum kabellərin istifadəsi daha məqsədəuyğundur. Ancaq yaxın məsafələrdə elektrik enerjisi ötürmək istəyiriksə, burada mütləq ki, misdən istifadə edilməlidir. Xüsusən rayonlarda, həyət evlərində alüminum kabellərdən istifadə olunur. Bu niyə edilir? Çünki bu, mis kabellərdən 3 qat ucuzdur. Bununla razıyam. Ancaq alüminum kabellərin mis kabellərdən keyfiyyət olaraq göstəriciləri çox aşağıdır. Belə ki, həyət evlərində və yaxud bina daxilində sayğacdan sonra alüminum kabellərin istifadə olunması elektrik enerjisinin ən azı iki və yaxud üç qat daha çox sərf olunmasına yol açır. Yəni, siz ilk başdan kabeli daha ucuz aldığınızı zənn edirsiniz. Amma yaşadığınız o mənzildə hər ay ən azı üçqat artıq elektrik enerjisi ödənişi edirsiz. Total olaraq düşünürük ki, istehlakçılarımız bu addımları ilə ziyana gedirlər. Bu gün bazarda ucuz və keyfiyyətsiz məhsulların satışı da həyata keçirilir. Bu da istehlakçıların aldadılmasına gətirib çıxarır. 
- Mütəxəssisləriniz hansı ölkərdə təhsil alıb?
- Bizim idarə heyətinin əksəriyəti Avropa təhsilli gənclərdir. Bilirsiz ki, Avropada təhsil alan gənclərimizin əksəriyyəti təhsil aldıqdan sonra ölkəyə qayıtmırlar. Onlar çox vaxt təhsil aldıqları ölkələrdə çalışırlar. Bunun çeşidli səbəbləri var. Amma düşünürük ki, xaricdə yetişmiş kadırların ölkəmizə qayıdıb, burada çalışmaları vacibdir. Çünki ölkəmiz günü–gündən yenilənir və inkişaf edir. Bu inkişafa hər bir gəncimiz öz töhfəsini verməlidir. Əgər kadrlar qayıtmasa, biz xarici mütəxəssis gətirmək məcburiyyətində qalacağıq. Hazırda ölkəmizdə kabel istehsalı ilə məşğul olan bir neçə zavod var. Sözügedən zavodların bütün aparıcı mütəxəssisləri xarici ölkə vətəndaşlarıdır. Demək olar ki, sözügedən şirkətlərdə azərbaycanlı mütəxəssislər çalışmır. Amma biz Caspian Cable Systems zavodu olaraq burada da fərqlilik yaratdıq. Şirkətimizin aparıcı mütəxəssisləri xaricdə təhsil almış gənclərimizdir. Hesab edirik ki, azərbaycanlı gənclərimiz daha qoçaq və daha çalışqandırlar. 
- Caspian Cable Systems zavodunun məhsulları xaricə ixrac edilirmi?
- Hazırda məqsədimiz yalnız Azərbaycan daxilində satış gerçəkləşdirmək deyil. Bununla yanaşı, əsas hədəflərimizdən biri də öz məhsullarımızı xarici bazarlara çıxarıb satmaqdır. İstehsal etdiyimiz bəzi kabellər var ki, MDB ölkələri arasında bir-iki dövlət o kabeldən istehsal edir. Bu ölkələrin sayı 20-dən çox və toplam əhalinin sayı isə 400 milyondan artıqdır. Hədəfimiz bu ölkələrlə bərabər, bütün xarici dövlətlərə Azərbaycan məhsulu olan kabeli satmaqdır. 
Amma ilk hədəfimiz MDB ölkələridir. İnşallah işimizin nəticəsi Avropaya qədər uzanacaq. Həmçinin Ərəb ölkələri bazarı da diqqətimizi cəlb edir. 2025-ci ilə kimi çox böyük hədəfimiz var. Həm zavodun istehsal həcmini artırmaq üçün istehsal avadanlıqlarını böyütmək, həm də məqsədimiz təkcə Azərbaycanın 3/1 həcmində kabelə olan təlabatını ödəmək və xarici bazarlara daha böyük həcmdə kabel ixrac etməkdir. Hədəfimiz budur. Sözügedən tarixə kimi, işçi heyətinin sayını da 300-nəfərə çatdırmağı düşünürük. 
- Zavodunuzun gələcəkdə Qarabağda filialını açmağı düşünürsünüzmü?
- Şükürlər olsun, uzun işğal dövründən sonra böyük fəxr hissi ilə deyirik ki, Ali Baş Komandanımızın başçılığı, Müzəffər Ordumuzun gücü sayəsində Qarabağımız işğaldan azad olundu. Bir gənc olaraq deyirəm ki, hər zaman Qarabağın azadlığı arzusu ilə böyümüşəm. Hazırda ölkə başçısının rəhbərliyi altında işğaldan azad olunan torpaqlarımızda çox böyük quruculuq işləri aparılır. Azərbaycanda kabel zavodları gecə-gündüz çalışsa belə, oranı tam kabellə təchiz etmək iqtidarında deyillər. Çünki düşmən tərəfindən dağıntıların həcmi çox böyükdür. Onun üçün də orada salınan infrastruktur obyektlərinin də ölçüsü çox böyükdür. Hədəflərimiz var ki, gələcəkdə Caspian Cable Systems zavodunun bir filialını da işğaldan azad olunan ərazidə yaradaq. Hansı ki, məsafə baxımından operativlik olsun və zamanında məhsullar obyektlərə çatdırılsın. 
- Dövlətin ayırdığı güzəştli kreditlərdən yararlanmısınızmı?
- Təəssüf ki, yox. Bunun obyektiv və subyektiv səbəbləri var. Caspian Cable Systems zavodu tamamilə özəl sərmayədir. Dövlət dəstəyi demək olar ki, olmayıb. Hər şey şəxsi biznes, şəxsi hesab sayəsində gerçəkləşdirilib. Çox istəyirik ki, dövlətin ayırdığı güzəştli kreditlərdən biz də yararlanaq. Bunun üçün bəlli bir niyyətimiz də var. İnşallah, bir gün biz də Caspian Cable Systems zavodu olaraq dövlətin ayırdığı güzəştli kreditlərdən yararlana biləcəyik. Düşünürük ki, dövlətin bizə bu yöndə də dəstəyi olsa, nəticələrimiz daha çox olacaq. 
- Pandemiyaya görə ölkəmizdə qapanmalar zavodun inkişafına təsir göstərdimi?
- Zavodumuz fəaliyyətə başlayandan bir neçə ay sonra dünyada olduğu kimi, koronavirus (COVİD-19) pandemiyası Azərbaycana da öz təsirini göstərdi. Ölkəmiz də qapanmalara getdi. Bu pandemiya dövründə, əlbəttə ki, çox çətinliklər və problemlər oldu. Bununla belə, İkinci Qarabağ müharibəsi başladı. Bizdə çalışanlardan bir neçə nəfəri müharibəyə yollandı. Bu kimi hallar inkişafımızı nisbətən əngəlləsə də, bu bizim üçün heç də üzücü bir şey olmadı. Tam əksinə. Bilirik ki, əziyyət çəkmədən, problem yaşamadan heç vaxt nəticə əldə olunmur. 
- Zavodda gender bərabərliyi qorunurmu?
- Bu gün zavodumuzun daxilində xanımlar da çalışır. Bəzi növ kabellər var ki, orda ağır güc  tələb olunmur deyə, xanımlara həvalə etmişik. Bu kabellər diqqət, həssaslıq və incəlik tələb edir. Bir sözlə, televizor və siqnal kabellərinin istehsalında xanımlarımızın bir nömrəli rolu var. 
- Şirkətinizin sosial məsuliyyət yönümlü fəaliyyəti varmı?
- Şirkət olaraq tərəfimizdən istər koronavirus (COVİD-19) pandemiyası dövründə, istərsə də İkinci Qarabağ müharibəsi dövründə müxtəlif istiqamətlərdə dəstək və yardım xarakterli fəaliyyətlər icra olunub. Bunun miqdarını və ünvanını açıqlamaq doğru olmaz. Lazım olan əksər yerlərə yardımlarımızı çatdırmışıq. Bu yaxınlarda ölkə başçısının qazilərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğının davamı olaraq İqtisadiyyat naziri şəhid ailələrinin və qazilərimizin işlə təminatı ilə bağlı sahibkarlara çağırış etdi. Bildirək ki, zavodumuz da bu çağırışa qoşulub. Zavodumuzun daxilində fiziki qüsurlu insanlarla bərabər, bir qazimiz də çalışır. Gələcəkdə qazilərimizin sayını artırmaq fikrindəyik. Hazırda bizdə çalışan bir qazi və fiziki qüsurlu iki nəfəri elə işə yerləşdirmişik ki, onların fiziki qüsuru o işdə heç bir əhəmiyyət kəsb etmir.