Gəncə və Ağstafa şəhərlərində ayrı-ayrı şəxslərə məxsus əmlakı gizli şəkildə talayan təqsirləndirilən şəxs barəsində hökm çıxarılıb.
Qaynarinfo xəbər verir ki, məhkəmədə müəyyən edilib ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli şəkildə ələ keçirmək məqsədilə bir neçə oğurluq hadisəsi törədib.
İlk hadisə Gəncə şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Qrant Qafqaz” ticarət mərkəzində baş verib. Təqsirləndirilən şəxs mağazada satıcının olmadığından istifadə edərək saxlanc yeri hesab edilən dolabı açıb və oradan 1250 manat götürüb.
Daha sonra təqsirləndirilən şəxs Ağstafa şəhərində yerləşən mərkəzi bazara gedib. Burada geyim satışı ilə məşğul olan zərərçəkmiş şəxsin piştaxtasının arxasında yerləşən dəmir sandığa qanunsuz daxil olaraq ümumi dəyəri 140 manat olan dörd köynəyi götürüb.
Həmin gün saat 11:53 radələrində isə bazarda hədiyyəlik əşyaların satışı ilə məşğul olan digər zərərçəkmiş şəxsin piştaxtasından 5 manat dəyərində təsbeh götürüb. Daha sonra piştaxtanın arxasında anbar kimi istifadə olunan otağa daxil olaraq pul qabından 520 manat pul oğurlayıb. Bununla zərərçəkmiş şəxsə ümumilikdə 525 manat maddi ziyan vurulub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, Gəncədə oğurladığı 1250 manatın bir hissəsini xərclədiyini, qalan hissəsini isə saxladığını bildirib.
Təqsirləndirilən şəxs Ağstafada yerləşən geyim mağazasından köynəkləri şəxsi istifadəsi üçün götürdüyünü, digər mağazada isə satıcının olmamasından istifadə edərək pul və təsbeh oğurladığını etiraf edib.
O, törətdiyi əməllərdən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və vurduğu ziyanı tam ödədiyini bildirərək məhkəmədən yüngül cəza istəyib.
Zərərçəkmiş şəxslərdən biri məhkəmədə təqsirləndirilən şəxslə barışdığını və ona dəymiş maddi ziyanın tam ödənildiyini bildirib. O, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib və bununla bağlı məhkəməyə yazılı ərizə təqdim edib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq törətmə) və 177.2.3-cü maddəsi (oğurluğun təkrar törədilməsi) ilə təqsirli bilib.
Təqsirləndirilən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə (həbsdə saxlanılan müddətin cəza müddətinə hesablanması) əsasən təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 4 ay 24 gün müddətini cəza müddətinə bir günə iki gün hesabı ilə daxil edib.
Beləliklə, təyin edilmiş 3 il azadlığın məhdudlaşdırılması cəzasından 9 ay 18 gün çıxılaraq təqsirləndirilən şəxsin üzərində 2 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər