Xəbər lenti

Gəncədə milyonluq audit pozuntuları üzə çıxdı - müqavilə dəyərləri şişirdilib
Ekonomiks 10:43 22.04.2026

Gəncədə milyonluq audit pozuntuları üzə çıxdı - müqavilə dəyərləri şişirdilib

Hesablama Palatası 2025-ci ilin İş planına uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətində audit keçirib.

Audit zamanı mənzil fondunun əsaslı təmirinə, yolların yenilənməsinə, şəhərin abadlaşdırılması və təmir-tikinti işlərinə ayrılan vəsaitlərin istifadəsi araşdırılıb. 

Gəncə şəhərində İdman Sarayının tikintisi və qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlər üçün nəzərdə tutulan 249 mənzilli yeni yaşayış binalarının tikintisi layihələri də yoxlanılıb. Yoxlamanın məqsədi dövlət vəsaitləri ilə dövlət əmlakının idarə olunmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını müəyyən etmək olub.

Audit 01.01.2023-cü il tarixindən 01.07.2025-ci il tarixinədək olan dövrü əhatə edib və ümumi məbləğ 192 milyon manat təşkil edib. Audit nəticəsində bir sıra pozuntular aşkarlanıb.

Belə ki, "Gəncə İdman Sarayının tikintisi” obyektində torpaq və bünövrə işləri əvvəlcə bazis üsulu ilə hesablanaraq rəsmiləşdirilib, daha sonra isə 2 il sonra resurs metodu ilə yenidən hesablanıb və yeni qiymətlərlə smetaya daxil edilib. 

Nəticədə işlərin ehtimal dəyəri artıb, müqavilə məbləği isə 6 164 850,38 manat yüksəlib.

Eyni layihədə smeta və layihə sənədlərində nəzərdə tutulan bəzi işlər icra edilməyib, bəzi avadanlıqlar alınmayıb, sifarişçiyə aid xərclərin bir hissəsi isə görülən işlərin dəyərinə daxil edilib. Qanunvericiliyin tələblərinə əməl olunmaması nəticəsində işlərin dəyəri əlavə olaraq 3 355 322,96 manat artırılıb.

Mənzil fondunun əsaslı təmiri üzrə isə bəzi işlər faktiki yerinə yetirilməsə də, görülmüş iş kimi qəbul aktlarına salınıb. Müqavilədə nəzərdə tutulmayan bəzi işlər üzrə də sənədləşmə aparılıb. Nəticədə işlərin dəyəri 2023-cü ildə 144 277,58 manat, 2024-cü ildə isə 258 197,66 manat artırılıb və podratçılara artıq ödəniş edilib.

Audit zamanı həmçinin müəyyən olunub ki, bəzi obyektlər üzrə icra sənədləri normativ qaydalara uyğun tərtib edilməyib, alış sənədləri üzrə mühasibat yazılışları vaxtında aparılmayıb. Bu isə qanunvericiliyin, o cümlədən Vergi Məcəlləsinin tələblərinə əməl olunmaması riskini yaradıb.

Bundan əlavə, tikintisi 2024-cü ildə başa çatan bəzi obyektlər üzrə sənədləşmə vaxtında aparılmayıb və istifadəyə qəbul prosesi gecikib. Nəticədə mühasibat uçotunda başa çatmamış tikililərin dəyəri olduğundan yüksək göstərilib.

Hesabatda qeyd olunub ki, 2023-cü ildə mənzil fondunun əsaslı təmiri üzrə podratçı tərəfindən bəzi işlər yerinə yetirilmədiyi üçün həmin vəsaitin bərpası məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat  İstehsalat Birliyi 03 iyun 2024-cü ildə Gəncə Kommersiya Məhkəməsində podratçıya qarşı iddia qaldırıb. Hazırda məhkəmə prosesi davam edir.

Qeyd edək ki, 2018-ci ilin 28 avqust tarixindən etibarən Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovdur.  


--> -->