
Qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edəcək “Kəpəz”in bu turnirlə bağlı ilk hazırlıq planı müəyyənləşib.
Qaynarinfo.az xəbər verir ki, Gəncə klubu iyunun 11-dən 21-nə kimi Türkiyədə təlim-məşq toplanışı keçəcək. Komanda 10 gün ərzində Ərzurumda hazırlıq prosesində olacaq. “Sarı-göylər” “Palantökən” otelində məskunlaşacaq. Xatırladaq ki, “Kəpəz” ötən mövsüm öncəsi də qardaş ölkədə məhz bu bölgədə məşq etmişdi.
Nizami yurdunun təmsilçisi Ərzurumda olduğu müddətdə əsasən fiziki çalışmalar üzərində işləyəcək. Komanda orda 2 yoxlama oyunu keçirməyi də planlaşdırıb. Hazırda bu yöndə danışıqlar aparılır. “Kəpəz” Bakı – Naxçıvan - Ərzurum marşrutu ilə Türkiyəyə yollanacaq.
Komanda eyni zamanda transfer çalışmalarını da davam etdirir. 5 yerli futbolçunun (“Rəvan”dan Novruz Məmmədov, “Xəzər Lənkəran”dan Vüqar Bəybalayev ilə Tural Qürbətov, “Zirə”dən Nicat Qurbanov və “Ağsu”dan Davud Kərimi) 1 illik müqavilə şərti ilə keçidinə nail olan “sarı-göylər” daha 2 oyunçunun xidmətində maraqlıdır. Hazırda bu istiqamətdə işlər gedir. Komandaya dəvət olunacaq futbolçular legioner olacaq. Məşqçilər korpusunun hesabatına əsasən komanda mərkəz yarımmüdafiəçisi və son müdafiəçi mövqeləri üzrə oyunçulara ehtiyac duyur.
Qeyd edək ki, "Kəpəz"dən 1-i legioner olmaqla 6 oyunçu ayrılıb. Bunlar Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitib), Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov, Junior Osvaldodur (hamısının müqaviləsi başa çatıb).
Baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən 11 oyunçu ilə isə müqavilə müddəti artılıb. Onlardan 2-si əcnəbi, digərləri yerlilərdir. Bütün futbolçularla yeni 1 illik anlaşma imzalanıb. Müqaviləsi uzadılanlar Eyyub Əliyev, Tadas Simaitis, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev və Jülyen Ebadır. Həmçinin “Qarabağ”dan icarə əsasında ötən mövsüm “sarı-göylər”in heyətində çıxış etmiş Şəhriyar Əliyevin icarə müddəti daha 1 illiyinə uzadılıb.
Xatırladaq ki, bu futbolçulardan əlavə hələ ötən mövsümün gedişində braziliyalı Dario Frederiko ilə müqavilə yenilənmişdi.
Qaynarinfo.az