"Öndə Gənclər" İctimai Birliyinin gənc marketinq mütəxəssisləri yetişdirmək məqsədilə keçirdiyi "Marketinq Akademiyası" layihəsi yekunlaşdı. Layihədə 20 gənc, 45 saatlıq Marketinq Mentorluq Proqramında iştirak edərək marketinq üzrə əsas bacarıqlarını inkişaf etdirmişdir.
Təlimlər Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının əməkdaşları Mikayıl Tağıyev və Səma Abbaszadə, karyera üzrə ekspert Fərhad Abdulov və marketinq mütəxəssisi Tamerlan İsmayılov tərəfindən keçirilmişdir. Gənclər layihə ərzində güclü və zəif tərəflərini analiz edərək karyera hədəflərini formalaşdırmış və real bazar təcrübəsi ilə tanış olmuşdur.
İştirakçılar Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərlə görüşmüş və onlara "Əliabbas iş axtarışında” adlı karyera kitabı hədiyyə edilmişdir.
Layihədə tədris olunan marketinq dərsləri real təcrübəyə əsaslanaraq öyrədilmişdir. Bu təcrübələri mənimsəyən iştirakçılar müstəqil marketinq strategiyaları hazırlamağa başlamışdır.
Layihənin sonunda gənclərin hazırladıqları təqdimat işlərini AZAL-ın Marketinq Kommunikasiyaları şöbəsində böyük mütəxəssis Nigar Quliyeva və Kontakt Home Rəqəmsal marketinq şöbəsinin rəhbəri Sabir Camalov dəyərləndirmişdir.
Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə, "Brandup” Marketinq və Dizayn Agentliyinin təşkilati dəstəyi ilə keçirilmişdir. Adıçəkilən layihə haqqında ətraflı məlumat üçün" Öndə Gənclər" İctimai Birliyinin Instagram hesabına (@ondegencler) baxa bilərsiniz.
"Öndə Gənclər" İctimai Birliyinin məqsədi gənclərin rəqabət qabiliyyətini artıraraq onları əmək bazarında öndə görməkdir. Birlik "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin varisi olaraq gənclərin inkişafına dəstək verməyə davam edir.