
“Açıq Hökumətin əsas təşəbbüskarı kimi ölkədə ilk olaraq, məhz Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Cənab Prezidentin təşəbbüsü ilə Azərbaycanda vətəndaşlara xidmət sektorunda, informasiyaya çıxışın genişləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində innovativ tədbilər həyata keçirilir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, institusional islahatlar, innovativ təşəbbüslərin tətbiqi prosesi davam edəcək. Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planını çərçivəsində görülən tədbilər bu islahatlara yeni impuls verəcək”.
Bu fikirləri, “Gənclər Koalisiyası” tərəfindən, Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncə şəhərində həyata keçirilən “Açıq Hökumətin təşviqində gənclərin iştirakçılığı” adlı növbəti ictimai dinləmədə, koalisiyanın əlaqələndiricisi Vüsalə Hüseynli bildirib.
QHT rəhbəri qeyd edib ki, 2011-ci ildə Azərbaycanın Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə qoşulması da məhz bu istiqamətdə atılan əhəmiyyətli addımdır: “İndiyə qədər Azərbaycanda şəffaflığı artırmaq, korrupsiya ilə mübarizə aparmaq, vətəndaşlara səlahiyyətlər vermək, hökuməti daha effektiv və cavabdeh etmək yolunda bir sıra mühüm təşəbbüslər edilib. 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində informasiya əldə edilməsinin asanlaşdırılması üçün ciddi addımlar atılmışdır. Bunun bariz nümunəsi kimi Dövlət Proqramının qəbulunu, dövlətin elektron hökumətə keçidini və s. göstərmək mümkündür”.
Layihə rəhbəri bildirib ki, informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması istiqamətləri üzrə həyata keçirilən tədbirlər artıq öz bəhrəsi verməkdədir: “Bunun bariz nümunəsi olaraq, ASAN xidmət mərkəzlərinin yaradılması bu sahədə vətəndaşlarımıza böyük töhfə olub”.
Tədbirdə çıxış edən koalisiya üzvləri Kəmalə Kərimova, Mübariz Göyüşlü, QHT Alyansının üzvü Gülnarə Əmraslanova, vətəndaş cəmiyyəti tərəfindən keçirilən bu ictimai dinləmələrin əhəmiyyətini vurğulayaraq, gənclərin bu islahatçı addımaları dəstəkləməli, onların daha çox səmərə verməsi üçün fəallıq nümayiş etdirməli olduqlarını söyləyiblər. Gəncə gəncləri adından çıxış edən Zərifə Xasayeva gənclər üçün yaradılmış şəraitdən ətraflı söhbət açıb. Natiq bildirib ki, son zamanlar, yaradılmış yeni təsisatlar, Azərbaycanın uğurlu siyasətindən xəbər verir və son dövrlər hökumətin işinin elektronlaşdırılması insanlarımızın həyatının rahatlığına səbəb olacaq.
Qaynar.info