Cəmiyyətin sosial problemlərindən biri universiteti yenicə bitirən gənclərin işlə təmin olunmasıdır. Onlar öz ixtisaslarına uyğun iş axtarakən müəyyən problemlərlə qarşılaşırlar. Bəzən müasir dövrün tələbinə uyğun olaraq onlardan komputer, dil bilikləri, hətta müəyyən təıcrübə də tələb olunur. Bu da onları ruhdan salır. Bəziləri çıxış yolunu ölkədən getməkdə görür.
Gənclər iş tapmaqda niyə çətinlik çəkirlər? Belə vəziyyətin yaranmasının səbəbi nədir?
Qaynarinfo problemi sosioloq Mail Yaqubla müzakirə edib.
Sosioloq deyir ki, bu, əslində çox ciddi mövzudur. Onun sözlərinə görə, gənclərin iş tapa bilməməsinin həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur:
"Ölkədə iş yerləri çox deyil. Bu, məsələnin obyektiv tərəflərindən biridir. Lakin bu səbəbin özünün də həlli yolları var. Belə ki, ölkədə hamı yeni iş yerlərinin yaradılmasına dəstək verməli, əl-ələ verib iş yerləri yaratmalıdır. Vətənini sevən sərmayə sahibləri sərmayələrini Azərbaycana yatırmalıdırlar. Xaricdə yaşayan bacarıqlı azərbaycanlı iş adamları ölkəyə yatırımlar etməyə, burda iş görməyə çalışmalıdırlar”.
Mail Yaqub vurğulayıb ki, yaradılan hər maneədən küsüb, ölkədən getmək olmaz, əksinə maneənin aradan qaldırılmasında da iştirak etmək lazımdır.
"Bu, həm də bizim mənəvi borcumuzdur. Çünki bura vətəndir, vətəni də unutmaq olmaz. İşsizliyin subyektiv səbəblərinə gəlincə, burda da çox mətləblər var”, deyə ekspert qeyd edib.
İşsizliyin subyektiv səbəbləri haqqında danışan sosioloq burda da bir çox faktorların olduğunu vurğulayıb:
"Bəzən görürük ki, uşaqlar istedadlıdır, lakin maddi duruma görə təhsil ala bilmir və yaxud təhsil alan şəxslər ixtisaslarını düzgün seçmirlər. Ən böyük problemlərdən biri təhsil alanların iş üçün özgüvənlərinin zəif olmasıdır. Yəni, ali təhsili var, bacarıqlıdır, amma özgüvəni yoxdur, yaxud, tənbəldir. Bu insanlar iş üçün mühacirətə getsələr də, yenə də uğur qazana bilmirlər”.
Sosioloq bu problemlərin həlli üçün yollar da göstərib:
"İnsanlara, xüsusi ilə gənclərə dayanmadan iş psixologiyası təlimləri keçirilməli, sahibkarlara sərmayəni Azərbaycana yatırmaları xahiş etmək və bu təbliğatı gücləndirmək laızmdır. Bütün inkişaf etmiş ölkələr bu yolla uğur qazanıblar. Uğurun digər bir yolu da özünə inamdır. Özümüzə inanmalıyıq!”
Günay İlqarqızı