Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanova yeni vəzifə verilibmiş.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, general-mayor Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin katibliyin rəisi vəzifəsini icra edir.
General bu vəzifəsi ilə yanaşı, Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsinin icraçısıdır.
Qeyd edək ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov 2018-ci ilin may ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsindən azad edilib. O, 2007-ci ildən 2018-ci ilədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini olub. 2004-cü ildən 2007-ci ilə kimi ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi (Baş məhkəmə məmuru) təyin edilib.
O, mərhum Prezident Heydər Əliyevin 26.12.1995-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Konstitusiyasının və dövlət quruluşunun möhkəmləndirilməsi və qorunmasında xüsusi xidmətlərinə görə" "Azərbaycan Bayrağı" ordeni ilə, Prezident İlham Əliyevin 21.11.2008-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, eləcə də prokurorluq orqanlarında nümunəvi və layiqli xidmətinə görə "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Ailəlidir, 2 övladı, 4 nəvəsi vardır.
Əhməd