Ölkə 17:57 29.11.2022

Generalın cinayət işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin keçmiş rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi olmuş polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun cinayət işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Qaynarinfo xəbər verir ki, noyabrın 22-də cinayət işi birinci instansiyaya qaytarılmışdı. Səbəb isə o idi ki, bir neçə şikayətçi şikayətini müddəti ötürməklə məhkəməyə təqdim etmişdi. Birinci instansiya müddəti bərpa etməli və bundan sonra şikayətlər Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmalı idi.

Məlumata görə, artıq bu məsələ həllini tapıb və Mövlam Şıxəliyevlə digərlərinin cinayət işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 

İttihama görə, M.Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

M.Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 12 il 6 ay və Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Seyid