Xəbər lenti

Gömrükdə monopoliya və rüşvət yığışdırılır?
Ekonomiks19:59 25.02.2015

Gömrükdə monopoliya və rüşvət yığışdırılır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət başçısı İlham Əliyevin iki gün əvvəl manatın kursu ilə bağlı mövqeyindən sonra əhali bu prosesin geriyədönməz xarakter aldığına bir daha əmin oldu. Bəzi ekspertlər isə vəziyyətin nisbətən dəyişməsi üçün təkliflər irəli sürürlər. 
İddialara görə isə, gömrükdə monopoliyanın aradan qaldırılması və rüşvətin yığışdırılması kimi ciddi mexanizmlər müzakirə olunmaqdadır. Ekspertlər isə bu qənaətdədir ki, ölkədə bu prosesin inzibati metodlarla tənzimləmə mümkünsüz haldır. 
Optimal variant kimi gömrük rusumlarının aşağı salınması, vergidənkənar ödəmələrin, rüşvətin yığışdırılması təklif edilir. Həmçinin, ölkəyə idxal olunan məhsullara vergi güzəştlərinin tətbiqi də təkliflər sırasındadır. Bildirilir ki, bu kimi təkliflərin reallaşması həm rəqabət mühiti yarada bilər, həm də iş adamlarında bu sahəyə olan marağı artırar. Eyni zamanda, nisbətən ucuzlaşma baş verər, növbəti bahalaşmanın qarşısı alınmış olar. Əksər ekspertlərə görə, ölkədə yaranmış indiki durumda çıxış yolu da məhz budur. 
Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı bildirir ki, bu, çox pozitiv addım olardı: “Belə bir xoşbəxtlik Azərbaycana nəsib olsa, əlbəttə ki, çox sevinərik. Çünki illərdir ki, bununla bağlı çox ciddi müzakirələr olub. Bununla bağlı hətta dövlət yetkililəri də danışdı. Amma illərdir ki, bu problem həll olunmadı və yerindəcə qaldı. Bunun baş verəcəyinə inanmaq çox çətindir. Əgər belə bir şey baş verəcəksə, sistem necə işləyəcək? Çünki sistem bu günəcən məhz bu sxemlər üzərində qurulub. Bu sxemlər yalnız gömrükə deyil, digər sahələrə də təsir edir. Ona görə digər sahələrdə də ciddi islahatlar olmalıdır. Yəni vergi orqanlarının da birbaşa bununla əlaqəsi var. Vergi orqanlarında da ciddi islahatlar aparılmalıdır. Əgər bu, baş verərsə, təbii ki, inhisarçılıq, gömrükdə olan rüşvət aradan qalxsa, ölkəyə gətirilən mallarda xeyli dərəcədə ucuzlaşma ola bilər. İndiki qiymətləri nəzərdə tutmuram. Malların maya dəyərində ucuzlaşma baş verər. Bu ucuzlaşmaya görə də manatın dollara qarşı ucuzlaşmasının, devalvasiyasının bir hissəsini rüşvətin ləğvinə görə kompensasiya etmək olar. Amma bir məsələ də var ki, rüşvəti heç kim gömrükdə boş yerə vermirdi. Bir çox hallarda rüşvət veriləndə biznes strukturları gətirdikləri malların bir hissəsini leqallaşdırmırdılar. Yəni bütün məhsulların tamamı rəsmiləşdirilmirdi. Tam rəsmiləşdirilmədiyindən, orada gömrük işçilərinin və biznesin maraqlarını nəzərə alaraq rüşvət sistemi ilə hərəkət edirdilər. Bu isə sonradan vergilərin azalmasına səbəb olurdu. Yəni həmin biznes strukturları və yaxud da şəxs gətirdiyi malı daha az leqallaşdırırdısa, təbii ki, daha az da vergi ödəyirdi. Amma indi tamamı leqallaşsa, rüşvət azalsa da, biznesin vergi ödəmələri artacaq. Bu da çox yaxşıdır, xeyirlidir. Amma vergi ödəmələrinin artması təbii ki, məhsulun maya dəyərinin az da olsa, artmasına səbəb olacaq. Kəskin ucuzlaşma bu məsələnin həlli ilə bağlı olmasa da, çox pozitiv bir addım olardı. Qiymətlərin kifayət qədər aşağı çəkilməsinə köməklik göstərə, dəstək verə bilərdi. Amma demək olmaz ki, tək bu problem həll olunsa, devalvasiyadan uduzan qiymətlərin qalxması tamamilə kompensasiya olunacaq və heç bir qiymət artımı olmayacaq. Bunu demək çox çətindir. Hər halda bu, baş versə də, verməsə də, qiymət artımını müşahidə edəcəyik. Sadəcə bunun rəqəmləri və faizləri müxtəlif ola bilər. Əgər belə bir strateji qərar qəbul olunub, addımlar atılsa, qiymətlər daha az qalxacaq. Əgər olmasa, qiymət artımı daha kəskin olacaq”. 
N.Cəfərli gömrükdən yığılan rüşvətin məbləğinin ciddiliyini də vurğulayıb: “Bunu dəqiq hesablamaq mümkün deyil. Sadəcə bəzi güzgü statistikasından istifadə edib, Azərbaycanla qonşu ölkələrin ticarət ilişkilərini, ticarət dövriyyəsini tutuşdurub, təxmini rəqəm söyləmək olar. Qonşu ölkələrin rəqəmləri ilə bizdəki rəsmi rəqəmləri tutuşduraraq, bəzi rəqəmlər əldə etmək mümkündür. Bunu ölçmək çox çətindir. Çünki çox qapalı bir sistemdir. Nə iş adamları, nə də gömrük orqanları təbii ki, bununla bağlı hər hansı bir açıqlama verməzlər. Onun hesablanması da mümkün olmaz. Amma güzgü statistikası metodologiyasından istifadə edərkən görünən o idi ki, məsələn Türkiyə ilə bəzi məhsullar üzrə 2 dəfə, 3 fərq yarandı. Məsələn, Türkiyədən Azərbaycana hər hansı bir malın şərti olaraq bir ton keçməsi haqqında Türkiyə gömrüyü bildiriş verirdisə, Azərbaycana daxil olan məhsulun həcmi 200-300 kiloqram  göstərilirdi. Yəni rəqəm bir neçə dəfə az göstərilirdi. Belə bir hallar mövcud idi və bunun araşdırılması da vaxtı ilə aparılırdı. Amma bunun bütün ölkələrlə və bütün ticarət patnyorları ilə edilməsi mümkünsüzdür. Ona görə də dəqiq rəqəm demək çox çətindir. Amma söhbət təbii ki, milyardlardan gedir”. 
Ekspert Qubad İbadoğlu isə bildirir ki, gömrükdə rüşvət və monopoliyanın yığışdırılması barədə hər hansı məlumata malik deyil: “Ancaq belə bir hal baş versə, qiymətlərin səviyyəsində enmə müşahidə oluna bilər. Qiymət bahalaşmasının qarşısının alınması mümkündür. Bazarda təbii ki, dəyişikliklər həm də sahibkarların xeyrinə baş verə bilər. Çünki istehlakçılar daha çox keyfiyyətli və daha ucuz mala çıxış imkanı əldə edə bilərlər”. //Musavat.com