Avropaya getmək planları qurur, lakin meneceri olan dostunun "Green Card” qazanması onu ABŞ varinatı haqqında da düşündürür. Elə həmin il müraciət edir və ilk cəhdində qalib olur. 2017-ci ildə ABŞ-a köçür. Bu gün isə ABŞ-da texnologiya sahəsində öz şirkəti var. Söhbət ABŞ-da "iTechman Smart Solution” şirkətinin təsisçisi olan azərbaycanlı Turqut Əliyevdən gedir.
Valyuta.az Turqut Əliyevin "Green Card” qazanması, Amerikada iş həyatı ilə bağlı müsahibəsini təqdim edir.
Qeyd edək ki, T.Əliyev Azərbaycanda "Kimya-biologiya təmayüllü Respublika liseyi"ndə oxuyub. 2009-2013-cü illərdə Azərbaycan Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində bakalavr təhsili alıb.
- Turqut bəy, ilk olaraq "Green Card” qazanmamışdan öncə Azərbaycandakı fəaliyyətinizdən danışaq. Hansı sahədə çalışırdınız?
- İqtisadi sahədə təhsil alsam da, marağım İT-yə olduğu üçün bu sektorda işlədim. Müxtəlif yerlərdə çalışmışam. Azərbaycanda ən son iş yerim Avropa Oyunları Əməliyyat Komitəsi olub. Həmin vaxt artıq mən "Green Card” qalibi olmuşdum.
- "Green Card”ı ilk cəhdində qazananlar da olur, dəfələrlə müraciət etdikdən sonra da. Sizdə necə oldu?
- Avropa Oyunları Əməliyyat Komitəsində işlədiyim müddətdə hazırda çox yaxın dostum olan menecerim Avropa Oyunları bitdikdən sonra harda işləmək fikrim olduğunu soruşmuşdu. Həmin dostum "Green Card” udmuşdu, ABŞ-a gedəcəkdi. Mənim də planlarımı soruşurdu. Mən həmin vaxt Avropaya köçməyi planlaşdırırdım. Elə oldu ki, mən də "Green Card”la maraqlanmağa başladım. Qeydiyyat üçün rəsmi saytı tapdım, amma qeydiyyat tapa bilmədim. Çox da ətraflı məlumatım olmadığına görə, vasitəçi şirkətə müraciət etdim və qeydiyyatdan keçdim. Mən ilk müraciətdə qəbul alanlardanam (Gülür).
- "Green Card” qazanmaqla iş bitmir, getdikdən sonra da özünə orada düzən qurmaq, iş tapmaq məsələləri də vaxt ala bilir.
- Bəli, Amerikaya ilk dəfə gələnlər üçün iş məsələsi vacibdir. Çünki Amerikada 2-3 ay işləməsən, amerikalıların deyimi ilə "homeless” olursan. Bunu əvvəlcədən araşdırdığım üçün bilirdim. Bu səbəbdən, Amerikaya getməzdən qabaq azərbaycanlı sahibkarların yanında telefon təmiri işi tapmışdım. Amma plan dəyişdiyi üçün yenidən CV yazıb, iş axtarmağa başladım. Bu səbəbdən, işə başlamaq iki ay vaxtımı aldı.
- Plan niyə dəyişdi?
- Bura gəldikdən sonra məni "Green Card” qeydiyyatına təşəbbüs edən dostumun tanışı məsləhət gördü ki, ixtisasın üzrə olmayan sahələrdə hansısa mağazada işləməkdənsə, öz sahəmə uyğun iş tapsam, daha yaxşı olar. Bu səbəbdən, iki ay heç nə qazanmadan iş axtarmağa başladım. Tanışım vasitəsilə "freelance” işləyə biləcəyim şirkətlə tanış oldum. Telefon və kompüterlə bağlı, İT-nin müxtəlif növlərini əhatə edən iş idi. "Freelance” olaraq başladığım işdə zamanla öz şirkətimi qurdum. İş təcrübəm bu şəkildə başladı. Telefon təmiri işi ilə başlayıb, 3-4 il o mağazadan çıxa bilməyən tanışlarım var. Mən isə özümə fərqli istiqamət seçdim və 3-4 ili daha yaxşı təcrübələrlə ötürdüm.
- Dediniz ki, 2 ay qazanc əldə etmədən iş axtarışı etdiniz. Maraqlıdır, nə qədər pul ilə getmişdiniz?
- 2000 dollar maliyyə ilə gəlmişdim. Onun yarısı borc idi. 600 dollarını evə verirdim, içərisində yemək, içmək və.s. var idi. Yerdə qalan 40 dollarını internetə və aylıq 40-50 dolları da marşruta xərcləyirdim. Heç bir problem olmadan iki ay marşrutdan istifadə etdim. Artıq üçüncü ayda iş tapmasaydım, tamamilə pulsuz qala bilərdim.
- Bəs ingilis dili biliyiniz necə idi?
- Azərbaycanda ingilis dilini çox yaxşı öyrənmişdim. Amma mühitə düşdükdə, ingilis dilini tam anlamadığımın fərqinə vardım. Birincisi, ingilis dilini Amerikan aksenti ilə deyil, Britaniya aksenti ilə öyrənmişdim. İkincisi, ingilis dilini daha çox yazılı şəkildə öyrənmişdim deyə, danışığım zəif idi. Yenə də öyrəndiklərim gördüyüm işdə köməklik oldu. Gəldiyimdə qaldığım evdə fərqli ölkələrdən insanlar qalırdı. Tək ortaq dilimiz ingilis dili idi. Sosial olmağı sevdiyim üçün onların mədəniyyətini, adət-ənənələrini öyrənməyə çalışırdım. Həmçinin ev sahibi də amerikan olduğu üçün bu şəkildə, iki ay ərzində ingilis dilini daha yaxşı öyrənə bildim.
- Şirkətiniz hansı istiqamətdə fəaliyyət göstərir?
- Bir ildir ki, öz şirkətimi açmışam. Daha əvvəl isə bir neçə il fərdi şəkildə işlədim. İşin böyüdüyünü hiss edəndə, şirkət kimi qeydiyyatdan keçdim. İT sektorunda fəaliyyət göstəririk. Data mərkəzlərin qurulması, ofislərə internetin çəkilməsi, kompüterlərin quraşdırılması və servisi, təhlükəsizlik kameralarının quraşdırılması və s. işləri görürük. Azərbaycanda adətən bu işləri şirkətlərin öz işçiləri edir. Tutaq ki, bu işləri bankın öz işçiləri görürsə, burda isə bankların əməkdaşlıq etdiyi vendr şirkətlər var, onlar edirlər. Biz də o vendr şirkətlərdən biriyik. Covid-dən öncə satış ilə bağlı işlərdə idiksə, hazırda xidmət sahəsinə də girmişəm. Şikətin ümumi inkişaf istiqaməti də çox yaxşıdır.
- Müştəriləriniz kimlərdir? Hansı şirkətlərlə əməkdaşlıq edirsiniz?
- Banklar, klinikalar, tikinti, texnoloji və s. sektorlardan şirkətlər müştərilərimiz siyahısındadır. Bir ərazi ilə kifayətlənmirik, əməkdaşlıq etdiyim şirkətlərin fərqli əyalətlərdə filialları olduğu üçün zamanla əhatə dairəmiz genişlənir. Bu yaxınlarda "Google” ilə əməkdaşlığa başlayıram. Artıq əməkdaşlıqla bağlı e-mailimə bildirim gəlib. Uzun bir proses vardı, onu keçdim və İT sahəsi üzrə əməkdaşlığa başlayıram.
- "Green card”la Amerikaya gəlmək istəyənlərə nəyi məsləhət görərdiniz?
- İlk olaraq deyim ki, "Green Card” Amerika kimi ölkəyə gəlmək üçün əla fürsətdir. Amma gəlməzdən əvvəl hazırlıq vacibdir.
Gələn hər bir şəxsə ingilis dilini öncədən öyrənməyi tövsiyə edirəm. Başqa şəkildə burda yaşamaq çox çətindir. Dil biliyi yalnız iş üçün deyil, həm də gündəlik həyatda qarşılaşacağınız yeni qanunları və mədəniyyətləri başa düşmək üçün vacibdir. Heç bir məlumatın olmayan ölkəyə gəldikdə öyrənəcəklərin də çox olur. Hər şey geniş miqyaslıdır. Adi bank kartı hesabı almaq belə fərqlidir.
Eyni zamanda, hazır CV ilə başlamaq sizi bir addım irəlidə saxlayır. "Gedib orda ingilis dilini öyrənərəm, CV hazırlayaram, iş taparam” kimi fikirlər yanlış olmasa da, sizi çətinə salan düşüncələrdir. Hətta gündəlik heç olmasa iyirmi iş yerinə müraciət edib, iş görüşməsi etsəniz, daha yaxşı olar.
Yaşayacağınız ərazini seçərkən tanıdığınız insanlara yaxın olması faydalı ola bilər. Bahalı şəhərlərə getməkdənsə, xərcləri daha az olan əyalətlərə üstünlük vermək daha məqbuldur. Ailəli gəlmək istəyənlər üçün əvvəlcə "Green Card”ı qazanan şəxsin qabaqcadan tək gəlib, iş və yaşayış məsələlərini həll etməsi daha məqsədə uyğundur.
Tamamən yeni, çox gözəl bir həyata başlamış olursuz. Doğulduğunuz, böyüdüyünüz yerdən fərqli mühitə düşürsüz. Yeni bir həyata başlamaq, müsbət bir gələcək perspektivi ilə doludur. Əsas bunu dəyərləndirməyə baxın, düzgün insanlarla ünsiyyət qurun və maddi səhvlərdən qaçın.
Şərhlər