
Az öncə xəbər verdiyimiz kimi, Flowrestling.com saytı 2 güləşçidə dopinq aşkarlandığı üçün onlardan Olimpiada medalının alındığı barədə yazıb. Bu idmançılardan biri London Olimpiadasında finalda Toğrul Əsgərova uduzmuş Rusiyanı təmsil edən Besik Kuduxovdur.
Qaynarinfo.Az xəbər verir ki, həmçinin həmin sayt onu bildirib ki, Pekin-2008 və London-2012-də medal qazanmış Qazaxıstan, Azərbaycan və Ukrayna idmançılarından da dopinqə düşənlər var.
Azərbaycan Güləş Federasiyasının sorğumuza rəsmi mövqeyi belə olub: "Azərbaycan güləşçilərinin medallarının geri alınması ilə bağlı Beynəlxalq Dopinq Komitəsindən federasiyaya hər hansı rəsmi məlumat daxil olmayıb. Ona görə də hansısa saytda çıxmış bir xəbərə şərh vermək düzgün olmaz".
Qeyd edək ki, Pekin Olimpiadasında Rövşən Bayramov və Vitali Rəhimov gümüş, Mariya Stadniklə Xetaq Qazyumov bürünc medal qazanan idmançılarımızdır. London Olimpiadasında isə Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Mariya Stadnik və Rövşən Bayramov gümüş, Yuliya Ratkeviç, Emin Əhmədov və Xetaq Qazyumov bürünc medal qazanıblar.
Qaynarinfo.Az