Xəbər lenti

Günay koreyalı məşqçinin sevimlisi olduğunu təsdiqlədi: "O vaxtdan gözü məni tutmuşdu"
İdman14:35 27.01.2017

Günay koreyalı məşqçinin sevimlisi olduğunu təsdiqlədi: "O vaxtdan gözü məni tutmuşdu"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadın taekvondo millimizin Cənubi Koreyadan olan baş məşqçisi Sun-Mi Parkın ayrılması birmənalı qarşılanmadı. Federasiyanın icraçı vitse-prezidenti Nağı Səfərov bunu onun daha yaxşı iş təklifi alması ilə əlaqələndirdi. 

Milli komandalara nəzarət üzrə vitse-prezident Niyaməddin Paşayev isə Qaynarinfo.Az-a verdiyi açıqlamasında onun yığmanın heyətində radikal dəyişiklik etmək istəyinin qəbul edilməməsi ilə bağladı. Həmçinin o, Fəridə Əzizova ilə problemi ucbatından Günay Ağakişiyevanı Olimpiadaya aparmaq istəyindən danışdı.

Sport7.Az Günay Ağakişiyevanı danışdırmaq qərarına gəlib. Əvvəlcə ondan yenicə başa çatmış Azərbaycan çempionatındakı çıxışı barədə danışdıq.

- Həmişə səni 57 kq çəki dərəcəsində görmüşük. Ancaq Azərbaycan çempionatında bu dəfə 62 kq-da mübarizə apardın. Səbəb nə idi?

- Çəki sala bilmədim. 300 qram artığım oldu, vaxtım olmadı çəkini atmağa. Ona görə də çəkimi 62 kq-a qaldırdım.

- Maraqlı burasındadır ki, Olimpiya medalçımız Patimat Abakarova da 53 əvəzinə, 57 kq-da mübarizə aparırdı...

- Hə. Hamının çəki problemi vardı. Ona görə idmançılar özündən bir çəki yuxarı yarışda iştirak etməli oldu. Saat 6-da çəkiölçmə mərasimi qurtarmalı idi. Ona görə də çəkimizi aşağı salmağa vaxt edə bilmədik.

- Bunu sizin koreyalı fiziki hazırlıq üzrə məşqçinizin yığmadan ayrılması ilə əlaqələndirmək olar?

- Yox. Heç mən 1 ildir ki, zədəm olduğu üçün yığmada yoxam. Ona görə də koreyalı məşqçini də görməmişəm. Zədəm yeni sağalıb deyə məşqlərə təzə başlamışam.

- Yaprak Eriş də 57 kq-da çıxış etmək əvəzinə səninlə bərabər 62 kq-da mübarizə aparıb.

- Hə. Onda da çəki problemi idi.

- Bildiyimə görə, "Sona müəllimə" adlandırdığınız koreyalı sabiq baş məşqçiniz Sun-Mi Park Fəridə Əzizova ilə problemi olduğu üçün onun yerinə səni Rio Olimpiadasına aparmaq istəyirmiş. Düzdürmü?

- Bəli, belə bir şey olub. Ancaq mən də Olimpiadaya getmək üçün özümü doğrultmadım...

- Nədə özünü doğrultmadın ki?

- Yarışlarda. Avropa Oyunlarında ilk döyüşdəcə serbiyalı idmançıya uduzdum. Üstəlik, zədəm olduğu üçün Rioya yollanmağım alınmadı. Əzələm cırılmışdı, məşq edə bilmirdim. Bərpa olunmağım da xeyli vaxt apardı.

- Deyəsən, koreyalı məşqçinin sənə simpatiyası da olub. Belə deyək, sən onun "lyubimçik"i idin...

- O, hələ 2010-cu ildə ilk dəfə milliyə gələndə mənə qarşı simpatiyası vardı. O vaxtdan gözü məni tutmuşdu. Məşqlərdə məndən xoşu gəlmişdi. Bəlkə də bu onun sözlərinə məşqlərdə qulaq asırdım deyə idi.

- Qadın yığma komandamız 9 idmançı ilə Türkiyəyə yollanacaq. Bunlardan 6 idmançı legionerdir. Sizi bu durum narahat etmir?

- Paniz İsmayılpur İran azərbaycanlısıdır. Azərbaycanca təmiz danışır. Digərləri də bizdə əvvəl olub. Marina Tedeyeva "Müəllimə"nin vaxtında yığmadan uzaqlaşdırılmışdı. Görünür, yeni baş məşqçi Elnur Amanov hamıya şans vermək istəyir.

- Marina niyə yığmadan uzaqlaşdırılmışdı ki?

- Deyəsən, nəticə verə bilmədiyi üçün.

- Azərbaycan çempionatında niyə III yeri tutdun? Çempion Darya Şkurko və gümüş medalı qazanmış Yaprak Erişlə sənin aranda o qədər səviyyə fərqi vardı?

- Sadəcə, öz səhvimdən uduzdum. Müəllimimə qulaq asmayıb, səhv taktika seçdim. Döyüşün ortasında öz bildiyimi etdim. III raundda artıq hərəkətlər etdim deyə, rəqibə xallar verdim. Yoxsa Daryanı məşqlərdə 12 xal fərqlə məğlub edirdim. O məndən heç xal ala bilmirdi.

- Ola bilər, bir səbəb də öz çəkində çıxış etməməyin idi?

- Bəli. Mən yalnız çəkiölçmə mərasimində bildim ki, 62 kq-da çıxış edəcəyəm. Bir var əvvəldən bunu bilib hazırlıq görəsən, bir də var yarışın başlamasına 15-20 dəqiqə qalmış bunu öyrənəsən.

- Legionerlərin tüğyan etdiyi bir vaxtda sənin bundan sonra yığmaya çağrılma şansın olacaq? Necə düşünürsən?

- Hərəyə bir şans veriləcək yenə də. Ancaq çəkimi 57 kq-a salmalıyam. Yaprak da, mən də öz çəkimizdə çıxış etməmişik. Bizim aramızdakı döyüşə görə qiymət verilməliydi. Ona görə də hələ mənə şans veriləcək. Bu, Türkiyə toplanışından sonra olacaq.

Səbuhi TOFİQOĞLU