"Biz qərarları icra edirik".
Bu sözləri Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov Qaynarinfo-nun Hibrid avtomobillərə tətbiq olunan vergi və rüsumların azaldılmasının mümkün olub-olmaması ilə bağlı sorğusuna cavabında deyib.
O, bu səlahiyyətin yalnız hökumətdə olduğunu bildirib: "Rüsumun azaldılması, çoxaldılması hökümətin işidir. Hər şey hökümətin qərarından asılıdır. Gömrük icra orqanıdır”.
Millət vəkili Zahid Oruc isə bu avtomobillər haqqında əvvəlcə ciddi araşdırma aparılmasının vacib olduğunu qeyd edib: "Gərək dəqiqlik olsun. Parametrləri bu sahənin mütəxəssisləri tərəfindən dəyərləndirilməlidir. Bu yöndə dünyada müxtəlif üsullar, vasitələr kəşf olunur. Azərbaycanda həmin rüsumların dəyişdirilməsi ilə vətəndaşların avtomatik olaraq gündəlik istifadəsində qeyd etdiyimiz vasitə növlərinin artacağını düşünmək bəlkə bir qədər yanlış olardı. Bu məsələ zaman və ciddi araşdırmalar tələb edir".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda atmosferin çirklənməsinin 80 faizinin avtomobillərin payına düşdüyünü açıqlayıb. Belə ki, avtomobillərdən çıxan qaz insan orqanizminə tez və ağır təsir edir. Hibrid və elektromobillər ekologiya üçün zərərverici avtomobillərdən hesab olunmur deyə, son günlər bu avtomobillərin ölkəmizdə idxalının artımı üçün ciddi güzəştlərə gedilməsi müzakirə mövzusuna çevrilib.
Röya Kərimli
Qaynarinfo