Xəbər lenti

Dünya 13:08 21.10.2023

Gürcüstan prezidentinin impeçmenti baş tutacaq? (ŞƏRH)

"Salome Zurabişvilinin impiçment prosesi davam edəcək".
 
Bunu Qaynarinfo-ya politoloq Cümşüd Nuriyev Gürcüstan parlamentinin prezident Salome Zurabişvilinin impiçment məsələsinə baxmasına münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, birinci dəfə alınmayan nəticə ikinci dəfə alına bilər:



"Gürcüstan artıq parlamentli respublika sisteminə keçib. Zurabişvili bu ölkənin sonuncu prezidenti olacaq. Onun da müddəti 2025-ci ildə bitir. Bu mənada Zurabişvilinin impiçment prosesi hələ davam edəcək. Zurabişvili daha çox Avropaya, xüsusən də Fransaya bağlıdır. Ona görə də daha çox Fransanın tapşırıqlarını yerinə yetirir. Bu da təbii ki, Gürcüstan hökumətinin xoşuna gəlmir. Burada Rusiya faktoru da var. İvanaşvili baxmayaraq ki, Rusiyanın xəttilə Fransa üzərindən hakimiyyətə gəlmişdi, bununla belə o məhz Moskvadan verilən tapşırıqları icra edir. İlk iclasda prezidentin impiçmentinə nail olunmaması görünür, hökumətin təcrübəsizliyindən irəli gəlir. Amma bu prosesi davam etdirəcəklər. Birinci dəfə alınmayan nəticə ikinci dəfə alına bilər. Çünki Zurabişvili sərbəst siyasət yürüdür. Gürcüstan da parçalanıb. Cənubi Osetiya, Abxaziya Rusiyanın nəzarəti altındadır. Tiflis öz maraqlarına uyğun hərəkət etmək istəyir ki, Avropa İttifaqı ilə bir yerdə olmadığı barədə Moskvanı əmin edə bilsin".

Həmsöhbətimizin fikrincə, Gürcüstan ərazi bütövlüyünün bərpasına nail olmaq üçün Zurabişvilini istefaya göndərməlidir:

"Lakin Zurabişvilinin impiçmenti ilə ölkədə heç nə baş verməyəcək. Çünki Gürcüstan parlament respublikasıdır və baş nazir artıq dövlət başçısını da əvəz edəcək".

Qeyd edək ki, Gürcüstan hökumət prezident qarşıdurması davam edir. Gürcüstan parlamenti hakim "Gürcü Arzusu” Partiyasının təqdimatı əsasında Zurabişvilinin impiçmenti məsələsini səsə qoyub. Lakin prezidentin vəzifəsindən kənarlaşdırılması üçün kifayət qədər səs toplaya bilməyiblər. İclasda iştirak edənlərdən 86-sı Zurabişvilinin vəzifəsindən azad edilməsinin lehinə, biri isə əleyhinə səs verib. Yerli qanunvericiliyə əsasən, prezidentin impiçmenti üçün minimum 100 deputatın dəstəyinə ehtiyac var. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->