"Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) I layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesinə bu gün saat 15:00-da başlanılıb və mənzillərin seçimi uğurla başa çatdırılıb".
Qaynarinfo xəbər verir ki, bu barədə MİDA-nın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, ölkə Prezidentinin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 324 mənzilin seçimi "Elektron hökumət” portalı (e-gov.az) üzərindən "Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.
Bu saata olan məlumata görə satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilib. Seçilmiş mənzillərin 70%-dən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
MİDA inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Elektron Hökumətin İnkişafı Mərkəzi" və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.
****
"Güzəştli mənzil” sistemində elektron kabinetlərinizə giriş artıq aktivləşdirilib".
Qaynarinfo xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vətəndaşlara müraciətində bildirilir.
Məlumatda həmçinin deyilir ki, saat 15:00-da satış başlanılacaq.
"MİDA elektron kabinetinizə girişlə əlaqədar yaranan problemlərlə bağlı 108 Çağrı mərkəzinə müraciət etməyi xahiş edir", - müraciətdə qeyd olunub.
***12.11
Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılmalı olsa da, proses baş tutmayıb.
Satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış "Güzəştli mənzil” sisteminin işində problem yaranıb.
Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.