Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə də şamil olunub.
Qaynarinfo xəbər verir ki, DİN-in keçmiş şöbə müdiri, polkovnik Sədrəddinov Kamil Camal oğlunun cəzası 20 il müddətə azadlıqdan məhrum etmə ilə əvəzlənib.
1956-cı ildə anadan olmuş Kamil Sədrəddinov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə məhkum olunub. O, ağır cinayətlərdə ittiham olunan DİN-in yüksək rütbəli sabiq əməkdaşı Hacı Məmmədovun dəstəsinin üzvlərindən olub.
Bundan başqa 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 27 avqust tarixli hökmü ilə məhkum edilən Quliyev Daşqın Cabbar oğlunun da ömürlük cəzası 20 illik həbs cəzası ilə əvəz olunub.