Bir vaxtlar hamının can atdığı istirahət məkanı indi viran qalıbYay mövsümü başa çatdı. Kimisi istirahətini xaricdə, kimisi ölkə daxilində, kimisi də evində keçirtdi. Necə deyərlər – hallı halına görə.
Amma bir vaxtlar halı, yəni imkanı, vəzifəsi və sairə üstün cəhətləri olduğunu düşünənlər indi qara günə qalmış bir məkana səfər etməyi daha çox istərdilər. Bu məkanın sahibi DİN polkovniki Hacı Məmmədov, bu məkanın adı isə Qarabulaq idi.
İnsanlar Qarabulağın qonağı olduğundan fəxarət hissi ilə danışardı. Necə deyərlər biri o birinə tənə edərdi ki, sən Qarabulaqda olmusanmı?
Amma Qarabulaqda qaranıq işlər də olurmuş. İnsanları qətlə yetirib basdırırmışlar, Qarabulaqda.
Günlərin bir günü bu bu qara işlərin üzərinə ağ işıq salındı və Qarabulağın çevrəsinə “qara kəmər” sarıldı.
Kimn bu “qara kəmərdən” qurtulduğu, kimin bu qara kəmərdə qeyb olduğu çox çözələnib. Vaxt aparmağa dəyməz.
Gəlin mən sizə qara günə qalan Qarabulağı göstərim.
Bəli yanılmadınız bu fotolar Qarabulaqda çəkilib. Bir vaxtlar axarlı baxarlı, çal-çağırlı Qarabulağın daşı-daş üstündə qalmayıb. Necə deyərlər odu yanıb, külü qalıb.
Yox-yox. Bu kül o küldən deyil. Deyilənə görə bu kül burada hərdən gəlib yeyib-içənlərin qoyub getdiyi küldür. Adam fikirləşir ki, bir vaxtlar canlar alınan bu məkanda necə yeyib-içmək olar? Bəzi yerli sakinlər asta səslə pıçıldayır ki, burada yeyib-içənlər məhz Hacıdan yanıqlı olanlardı. Açığı Hacının yaxşılığından danışanlar ad var. Onun hesabına cibi pul görən, evinə çörək aparan az olmayıb.
Hacının düşmənlərinin burada yeyib-içmək məclisi düzəltmələri barədə yerli sakinlərin dedikləri həqiqətə uyğun gəlir. Amma məncə burada yeyib içənlər təkcə Hacının düşmənləri deyil.
Açığı bu yerlərin axarı-baxarı, havası-suyu elədi ki, biganə keçmək olmur.
Amma fikirləşəndə ki, bəlkə bu uçuqların altında hələ də insan sümükləri sızıldayır...???
Ona görə də daha heç nə demək istəmirəm siz özünüz baxın bu viranə qalmış cah-cəlala və istədiyiniz nəticəni çıxarın. //Bugun.az














