Bakı meri tanınmış rejissorun üstünə “Qış parkı”nın tikintisinə məsul şəxsi göndərib
Tikilməkdə olan “Qış parkı”na görə yaşadığı binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı tanınmış rejissor Şeyx Əbdül Mahbudbəyov beynəlxalq təşkilatlara müraciət edəcək.
Bu barədə məlumatı “Yeni Müsavat”a rejissor özü verib. Onun sözlərinə görə, Mirzağa Əliyev küçəsi 170 ünvanında yaşayan 4 ailənin həyatı təhlükə altındadır: “Parkda işləri sürətləndiriblər. Ağır tonnajlı maşınlar günün hər saatında küçəmizdən keçir. Evimdə elə bir 5 bal gücündə zəlzələ olub. Mənzilimin bütün otaqlarında dərin çatlar meydana gəlib. Səhəri gün mənim və ya ailəmin başına bir iş gəlsə kim buna cavab verəcək ?”.
Şeyx Əbdülün sözlərinə görə, bir neçə gün öncə Bakı meri Hacıbala Abutalıbov ona zəng vuraraq deyib ki, ərazidə tikinti işləri aparan “FFF 2011” şirkətinin məsul işçisi Tamella adlı bir xanım onunla əlaqə saxlayacaq: “Həmin xanım bizlə əlaqə saxladı. Yalandan bizə söz verdi ki, qısa zaman içərisində bu binada yaşayan ailələr yeni mənzillərə köçürüləcək. Lakin, 12 gündür ki, biz həmin xanımı tapa bilmirik. Kimdən soruşuruq tanıyan da yoxdur”.
Tanınmış rejissor deyir ki, Bakı meri Hacıbala Abutalıbovla yenidən əlaqə saxlayıblar: “ Nə vaxt əlaqə saxlayırıq deyir ki, balam ölsün mənlik bir şey yoxdur. Bəs kimlikdir? Bir müddət əvvəl elan etmişdim ki, meriya önündə aclıq aksiyasına başlayacaq. Aksiyanı ertələməyimə səbəb Hacıbala Abutalıbovun bizimlə əlaqə yaratması oldu. İndi görürəm ki, hamısı boş şey imiş. Yenidən aclıq aksiyası keçirməyə qərar vermişəm. Həmçinin beynəlxalq təşkilatlara müraciət edəcəyəm. Mənim və digər ailələrin yaşadığı bina ilə bağlı Prezident Administrasiyasının, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əmr və sərəncamları var. Bu qədər dövlət orqanının sözü bu Hacıbala Abutalıbova keçmir”. Qaynar.info