
Topaz Premyer Liqasının XXXIV turunda bu gün “Qəbələ”nin qonağı olacaq “Bakı” problemlə üzləşib.
Qaynar.info-nun “Apasport.az” saytına istinadən xəbərinə görə, paytaxt təmsilçisinin futbolçuları səfərə yollanmaqdan imtina ediblər.
3 aydır maaş üzünə həsrət qalan komanda üzvləri rəhbərliyə etirazlarını bu üsulla çatdırıblar. Bununla bağlı keçirilən klubdaxili iclasda əsasən legionerlər fəallıq göstəriblər.
İspaniyalı legioner Mario Alvarez bütün futbolçuların adından rəhbərliyə son xəbərdarlıq edib. O, 3 aydır maaş almadıqları, bazada şəraitin pisləşdiyini bildirib, hətta bir neçə gün çimməyə isti su tapmadıqlarını xatırladıb. Onun bu sözündən sonra digər əcnəbilər də etiraz səslərini ucaldıblar. Bildiriblər ki, onlar bu vəziyyətdə oynamaq istəmirlər.
Sportinfo.az saytının xəbərinə görə, legionerlər sözü bir yerə qoyaraq, səfərə getməyəcəklərini deyiblər. Azərbaycanlı futbolçular da onlara qoşulub. Maraqlıdır ki, baş məşqçi Milinko Pantiç də futbolçuları dəstəkləyib.
İclasda etirazçıları dinləyən klubun icraçı-direktoru Yaşar Seyidov isə bildirib ki, yaxın günlərdə problem həll olunacaq: “Mən bu barədə klub prezidenti Hafiz Məmmədovla danışacam. Maaşlar ödəniləcək”.
11:34
"Komanda artıq Qəbələdədir və oyuna tam hazırdır” .
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov deyib. Klub rəsmisi son günlərdə mətbuatda “Bakı”nın legionerlərinin maaşlarını ala bilməməsi səbəbi ilə “Qəbələ” matçına çıxmayacaqları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: “Məsələ mətbuatda şişirdilmiş qədər də ciddi deyil. Əmək haqqının gecikməsi hər yerdə var. İndi 10-15 günlük bir gecikmə olub ancaq tezliklə bu məsələ aradan qaldırılacaq. Mətbuatda “Bakı”haqqında bu cür şişirdilmiş məlumatların hansı məqsədlə verilməsi bizə çox yaxşı bəllidir. Bunların heç biri həqiqəti əks etdirmir. Bu gün komanda artıq “Qəbələ”dədir. Futbolçuların oyuna çıxmayacaqları barədə yayılan söz-söhbətlər də düzgün deyil. Biz “Qəbələ” ilə oyuna hazırıq və oynayacağıq”
Qeyd edək ki, “Bakı” klubu məşhur iş adamı Hafiz Məmmədova məxsusdur. Məmmədov “Bakı” ilə yanaşı, Fransanın “Lans”klubunun da sahibidir.
Qaynar.info