Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı son açıqlaması diqqət çəkir. İlk baxışda bu, diplomatik nəzakət çərçivəsində səslənən adi fikir təsiri bağışlasa da, açıqlamadakı bəzi məqamlar əslində Ankara-İrəvan münasibətlərinin hazırkı vəziyyətinə və gələcək perspektivlərinə dair mühüm siqnallar ehtiva edir.
Fidan bildirib ki, Paşinyan hökuməti normallaşma istiqamətində mühüm addımlar atıb, Türkiyə də öz növbəsində birbaşa uçuşlar və ticarət sahəsində müəyyən addımlar atıb. Lakin nazirin daha çox diqqət çəkən fikri budur: "Yeni dövrdə görüləsi işlər də aydındır. Lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq".
Maraqlıdır ki, Fidan nə "görüləsi işlər"in nədən ibarət olduğunu, nə də "lazımi şərtlər"in mahiyyətini açıqlayıb. Məhz bu qeyri-müəyyənlik onun sözlərinin arxasında hansı siyasi mesajların dayandığı barədə suallar yaradır.
Əslində Türkiyənin Ermənistanla normallaşma siyasəti uzun illərdir Azərbaycanın maraqları ilə paralel şəkildə aparılır. Ankara dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin tam normallaşması Cənubi Qafqazda davamlı sülhün təmin olunmasından asılıdır. Bu isə ilk növbədə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması deməkdir.
Son illər Türkiyə-Ermənistan münasibətlərində müəyyən yumşalma müşahidə olunsa da, sərhədlərin tam açılması və diplomatik münasibətlərin qurulması istiqamətində həlledici addımlar atılmayıb. Bunun əsas səbəbi kimi Ankara daim Azərbaycan-Ermənistan danışıqlarının nəticəsini gözlədiyini vurğulayıb.
Bu baxımdan Fidanın bəhs etdiyi "şərtlər"in başında məhz Bakı ilə İrəvan arasında yekun sülh sazişinin dayanması ehtimalı yüksəkdir.
Digər mühüm məqam Ermənistan Konstitusiyası ilə bağlıdır. Azərbaycan uzun müddətdir bildirir ki, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar qalır. Rəsmi Bakı hesab edir ki, davamlı sülh üçün bu məsələ həll edilməlidir.
Son aylarda Paşinyan hakimiyyəti də konstitusiya dəyişikliyi mövzusunu açıq şəkildə gündəmə gətirib. Bu isə Ankara tərəfindən də diqqətlə izlənilir. Türkiyə üçün Ermənistanın regionda yeni siyasi reallıqları qəbul etməsi normallaşma prosesinin vacib elementi sayılır.
Fidanın nəzərdə tutduğu digər şərtlər iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı ola bilər. Ankara uzun illərdir regionda nəqliyyat bağlantılarının bərpasını müdafiə edir. Xüsusilə Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirəcək marşrutların açılması həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.
Türkiyə hesab edir ki, kommunikasiyaların açılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yarada bilər. Buna görə də İrəvanın bu məsələdə daha çevik mövqe tutması Ankaranın gözləntiləri sırasında ola bilər.
Fidanın açıqlaması göstərir ki, Ankara Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindən geri çəkilməyib. Əksinə, Türkiyə bu prosesi dəstəkləyir və Paşinyan hökumətinin atdığı addımları müsbət qiymətləndirir. Lakin eyni zamanda Ankara İrəvana açıq mesaj verir: normallaşma üçün siyasi iradə kifayət deyil, konkret addımlar da lazımdır.
Nazirin "görüləsi işlər aydındır" ifadəsi əslində diplomatik dillə deyilən bir xəbərdarlıqdır. Yəni Türkiyə öz şərtlərini ayrıca sadalamağa ehtiyac duymur, çünki onların hamısı artıq illərdir müzakirə olunur: Azərbaycanla sülh müqaviləsi, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın gücləndirilməsi və yeni geosiyasi reallıqların hüquqi müstəvidə qəbul edilməsi.
Belə görünür ki, Ankara artıq növbəti addımı İrəvandan gözləyir. Fidanın sözlərindəki əsas məna da məhz budur: Türkiyə qapını bağlamayıb, amma onu tam açmaq üçün açarın hələ də Ermənistanın əlində olduğunu düşünür.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra "Türkiye" qəzetinə açıqlamasında bildirib ki, Ankara lazımi şərtlər yarandıqda Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır:
"Paşinyan hökuməti normallaşma istiqamətində çox vacib addımlar atıb. Prezidentimizin göstərişi ilə birbaşa ticarət və uçuşlar da daxil olmaqla bir çox vacib addımlar atılıb. Yeni dövrdə görüləsi işlər də aydındır. Lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq".
Siyasət şöbəsi
Şərhlər