“Azərbaycanda son günlər baş verənlər olduqca xoş olmayan hadisələrdir. Kiçik etirazların böyük faciə kimi qələmə verilməsi düzgün deyil”.
Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Avropa Hərəkatının sədri Ramil Hacılı deyib.
R.Hacılı bildirib ki, dövlətin vətəndaşlara qarşı, xüsusilə də etirazçı gənclərə qarşı aqressiv davranışları müsbət sonluqla bitməyəcək: “Ona görə də vacibdir ki, Azərbaycan hökuməti bu barədə düşünsün və narazı kəsimin problemlərini həll etsin. Dövlətin narazılıqları görməzlikdən gəlməsi sonra da narazılıqlar genişlənəndə onların üzərinə polislə getməsi uğurla nəticələnmir. Hesab edirəm ki, ölkədə bu istiqamətdə xüsusi strategiya hazırlanmalıdır. Məsələn, ordudakı əsgər ölümləri araşdırılmalıdır. Gənclərə qarşı repressiv addımların atılması Azərbaycanın imicinə xələl gətirəcək. İkinci narahatedici məsələ odur ki, beynəlxalq təşkilatlar üzərinə bəzi media qurumlarındakı basqılardı. Hökumət Azərbaycanda fəaliyyət göstərən beynəlxalq media institutlarının, o cümlədən Milli Demokratiya İnstitutunun və ATƏT-in Bakı ofisinin fəaliyyətinin genişləndirilməsində maraqlı olmalıdır. Həmin təşkilatların rəhbərliyində təmsil olunan şəxslərin mövqeyi Azərbaycan dövlətinin mövqeyinə ziddirsə, bu, qanun çərçivəsində həllini tapmalıdır. Həmin institutlara qarşı sərt addımlar total yanaşmadan irəli gəlir. Ola bilər ki, təmsil etdiyim hərəkatın üzvlərindən kimsə fərqli düşünsün. Bu o demək deyil ki, bütövlükdə hərəkat ittiham edilməlidir. ATƏT-in Bakı ofisi ilə sıx əməkdaşlıq edirik. Çox istərdik ki, Azərbaycan hökuməti bu istiqamətdə son dərəcə həssas davransın”.
Hərəkat sədri NİDA-çı gənclərin həbs edilməsinə də toxunub: “Həbs olunanlara cəmiyyət tərəfindən kifayət qədər dəstək ifadə edilir, onların müdafiəsi istiqamətində təmsil olunduqları qurumlar kifayət qədər ciddi işləyirlər. Əgər bizə dəstəklə bağlı müraciət edilərsə, bunu dəyərləndirməyə hazırıq. Azərbaycan Hüquq Mühafizə orqanlarından xahiş edəcəyik ki, gənclərin həbsi ilə bağlı aparılan istintaq işi hüquq müstəvisində aparılsın. Ümid edirik ki, bu belə də olacaq. Ümumiyyətlə, biz Azərbaycanda vətəndaş barışığının tərəfdarıyıq. İstəyirik ki, vətəndaşlarla dövlət arasında uçurum olmasın. Bunun üçün vətəndaşların ifadə etdiyi fikirlər dövlət tərəfindən nəzərə alınmalıdır”.
R.Hacılı təmsil etdiyi qurumun aksiyalarda iştirak etməməsinə də aydınlıq gətirib: “Bizim aksiyalarda iştirak etməməyimizə gəlincə belə düşünürük ki, Azərbaycanda bu kimi aksiyaların uğuru olmayıb. Düşünürük ki, fərqli yol seçilməlidir. Çalışıb Azərbaycan hakimiyyətini islahatlara təhrik etməliyik”.