İdman 09:44 12.04.2023

“Hamı mənə istefayla bağlı o sualı verir...” - Nadir Nəbiyevlə müsahibə

Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində "Turan Tovuz” doğma meydanda "Şamaxı”nı qəbul etdi. 1:1 hesabı ilə bitən qarşılaşmadan sonra Tovuz klubunun qələbəsizlik seriyası 6 oyuna çatdı. Zəif çıxışı sponsorsuzluq, maliyyə sıxıntısı ilə əsaslandırmaq olardı. Ancaq hazırda komandada maliyyə baxımından elə də sıxıntı olduğu görünmür. Belə olan halda yeni mövsümlə bağlı planların cızılmasına indidən başlanılması istisna deyil. 

Klubun icraçı direktoru Nadir Nəbiyev qarşıdakı planlar haqda fikirlərini Qaynarinfo-ya açıqlayıb. O, "Şamaxı” ilə oyunda azarkeşlərin baş məşqçi Ayxan Abbasovu istefaya səsləməsinə də münasibətini bildirib.

- "Şamaxı” ilə oyunda azarkeşlər "istefa” şüarları səsləndirmişdi. Buna münasibətiniz necədir?

- Bununla bağlı klub tərəfindən açıqlama veriləcək. Ümumiyətlə, bu məsələnin müzakirəsi gündəmimizdə deyil. Hamı mənə o sualı verir.

- Həmin azarkeşlərin kim olduğunu öyrəndiniz?

- Xeyr, tanımıram.

- "Turan Tovuz” 6 oyundur qələbə qazana bilmir. Azarkeşləri də narazı salan məqamlardan biri də budur. Ümumiyyətlə, son oyunlarla bağlı fikirləriniz necədir?

- Çempionatın əvvəlində qarşımıza ardıcıl qələbələr qazanmaq, yaxud hansısa yer uğrunda mübarizə aparmaqla bağlı məqsəd qoymamışdıq. Bunu bizim fanatlarımız da bilir. Hansı ki, onlar daim yanımızda olublar. Hətta məşqçi gətirəndə belə, onların necə bir komanda formalaşdırmağımızla bağlı məlumatları olub. Rəhbərlik, azarkeşlər, məşqçilər də bilir ki, builki məqsədimiz Premyer Liqada komanda formalaşdırmaq olub. Avrokuboklara oynamaq üçün büdcəmiz yox idi. Bunu normal qarşılamaq lazımdır. Təbii ki, azarkeşin də özünə görə haqqı var. Komandadan yaxşı oyun, qələbə istəyir. Mən bunu normal qarşılayıram. Biz də istəyirik ki, komanda yaxşı oynasın. Enişli-yoxuşlu yollar olur. Razılaşıram, komanda son turlarda zəif oynayıb. O demək deyil ki, Premyer Liqanı tərk edirik, yaxud avrokuboklara vəsiqə qazana bilmirik. Belə bir məqsədimiz olmayıb. Növbəti illərdə eyni oyunlar göstərsə, oxşar aqibət yaşasa, mən də azarkeşlərə haqq qazandıraram. İndiki durumumuz hər kəsə bəllidir.

- Hazırkı mövqeyiniz sizin üçün qaneedicidir?

- Demirəm ki, qaneedicidir. Həmçinin pis nəticə olduğunu da düşünmürəm. Qarşıya 5-6-cı yerlərdə daynamaq məqsədi də qoyulmayıb. Bu gün sponsor var və gələcəyin komandasını formalaşdırmağı fikirləşirik. Müəyyən addımlar atırıq. Yeni sponsor gələndən sonra, stadiona gələnlər də bilir, ilk iş tablonun quraşdırılması oldu. İndi çəkiliş meydançasını düzəltdirmək, daha sonra işıqlandırma məsələsini həll etmək istəyirik. Bunlar hamısı mərhələlərlə olur. Birdən-birə, çempionatın ortasında bütün işləri kənara qoyub təkcə komandanı formalaşdırmaq da olmur. Bizdən müəyyən tələblər edirlər. Başqa məsələlər də var. Belə götürəndə, klubun nəzdindəki 12 komanda bir meydançada oynayır. Digərləri kiçik olduğu üçün orada yarış və oyun keçirmək mümkün deyil. Bu gün futbolun inkişafı üçün nə lazımdırsa, bununla bağlı kollektiv şəkildə müzakirələr aparırıq.

- O zaman hazırda əsas komanda ilə bağlı məsələlərin ikinci plana düşdüyünü söyləmək olar?

- Xeyr, belə demək istəmirəm. Tablo, işıqlandırma, çəkiliş meydançasının düzəldilməsi ilə bağlı məsələlərlə yanaşı, oyunçularla da danışıqlar aparılır. Hərtərəfli iş görülür. Demirəm ki, hər şey istədiyimiz kimi əla alınır. Ancaq pillə-pillə irəliləməliyik. Bu gün azarkşlər stadiona gəlir. Amma çəkiliş elə yerdən aparılır ki, sanki oyuna heç kimin gəlmədiyi görünür. Hər kəs deyir ki, filan şeylər olmalıdır. Amma bunun üçün gücümüz, vəsaitimiz yoxdur. "CBC Sport” oyunları yayımlayır, bizdən müəyyən tələblər var. Məsələn, günəş şüalarının düşmə trayektoriyası çəkilişə mane olmamalıdır. Biz də çəkiliş meydançasının harda formalaşdırılması üçün müzakirəklər aparırıq.

- Adətən ardıcıl qələbə olmayanda rəhbərlik bu barədə məşqçi ilə müzakirələr aparır, hesabat tələb edir. Klub rəhbərliyi bu barədə Ayxan Abbasovla hər hansı müzakirələr aparıb? Ümumiyyətlə, yay fasiləsinin planları haqda danışıqlarınız olub?

- Bu haqda hələ danışmamışıq. Kubokun yarımfinalındayıq, bizi "Neftçi” ilə oyun gözləyir. Favorit "Neftçi” olsa da, ümidsiz deyilik. Çempionatda 7 oyunumuz var. Çox mövqelər dəyişə bilər. Elə vaxt olub ki, 8-9 oyun qələbə qazanmamışıq. Səhv etmirəmsə, 9 oyuna 3 xal qazanmışdıq, eyni sayda heç-heçəmiz olmuşdu. Həmin vaxt bu qədər söz-söhbət olmamışdı. Bəlkə də komanda son vaxtlar ardıcıl qələbələr qazanmışdıq deyə azarkeşlər daha çoxunu istəyir. Bu mümkündür. Komandanın qələbə qazanmaması onlara təsir edə bilər, azarkeşdirlər, haqq qazandırıram. Komanda qələbə qazananda alqışlayırlarsa, uduzanda da fikir bildirmək istəyir. Azarkeş bilməlidir ki, komanda 9 ildən sonra Premyer Liqaya qayıdıb və yenidir. Hər birimiz dəstək verməliyik ki, "Turan Tovuz” Premyer Liqada yerini möhkəmləndirsin. Bu gün biz də daxil, 6-10-cu yerlərdə olan komandaların hər birini Premyer Liqanı tərk etmək təhlükəsi gözləyir. Xal ehtiyatımızı artırmalıyıq. Avrokuboklara getmirik, yer uğrunda oynamırıq. Ancaq hər mövqeyin yeri var. İstəyirik ki, yaxşı yer tutaq.

- Kubokun yarımfinalında qarşılaşacağınız "Neftçi” ilə matçla bağlı düşüncələriniz necədir? Şansları necə qiymətləndirirsiniz?

- Heyət, güc bəlli. Amma meydançaya çıxıb əlimizi-qolumuzu yanımıza salası deyilik. Gücümüz nəyə çatırsa, edəcəyik. Qələbə qazanan tərəfin biz olacağına çalışacağıq. Yenə əvvələ qayıdım. Bu mövsüm məqsədimiz nə çempionluq, nə kuboku qazanmaq olub. Amma bir oyun qələbə qazanırsan və düşünürsən ki, növbəti mərhələyə çıxa bilərsən. İndi düşünürük ki, yarımfinala çıxmışıqsa, niyə də finala yüksəlməyək? Bu da normaldır ki, finala çıxsaq, kuboku qazanmaq haqqında düşünəcəyik.

Səbuhi Həsənov