Xəbər lenti

Hamı qanun qarşısında bərabərdir -
Ölkə 15:00 14.07.2026

Hamı qanun qarşısında bərabərdir - "Uşaqlar üçün Konstitusiya"

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən beşinci məqaləni təqdim edirik: "Əsas insan və vətəndaş hüquqları və azadlıqları".

Konstitusiyamızın üçüncü fəsli "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlanır. Adından da göründüyü kimi, bu fəsildə vətəndaş hüquq və azadlıqlarından bəhs olunur.

Fəslin ilk maddəsində deyilir: "İnsan ləyaqəti qorunur və ona hörmət edilir".

Bəs ləyaqət nə deməkdir? Ləyaqət dedikdə biz insanda yüksək mənəvi keyfiyyətləri göstərən xüsusiyyətlərin cəmini başa düşürük.

Maddənin ikinci bəndi isə belədir: "Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır".

Göründüyü kimi, Konstitusiya insan ləyaqətinin qorunmasının vacibliyini göstərir, eləcə də toxunulmaz, pozulmaz və ayrılmaz azadlıqları ifadə edir.

Maddənin son bəndi isə başqaları və cəmiyyət qarşısında məsuliyyətimizi vurğulayır: "Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir".

Bəs bizim hansı hüquqlarımız mövcuddur? Konstitusiyada bir neçə hüquq göstərilmişdir. Ən vacib hüquqlardan biri heç şübhəsiz ki, bərabərlik hüququdur. Bu məsələ 25-ci maddədə öz əksini tapmışdır:
* Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
* Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
Göründüyü kimi, dövlət bütün vətəndaşlarına eyni gözlə yanaşır, onlar arasında heç bir fərq qoymur. Bərabərlik prinsipi 3-cü bənddə daha əhatəli şəkildə ifadə olunmuşdur: "Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”. 

Bu yanaşma müasir dövlət sisteminin əsasında durur. Əvvəlki dövrlərdə isə insanlar mənsub olduqları dindən ya da maddi vəziyyətlərindən asılı olaraq müxtəlif hüquqlara malik olurdu. Misal üçün, ancaq mülkədarların seçmə ya da seçilmə hüququ var idi. Qadınlar, qullar faktiki olaraq hüquqsuz vəziyyətdə yaşayırdı.

Yaşamaq və azadlıq hüququ da son dərəcə əhəmiyyətli və dəyərlidir. 27-ci maddədə göstərilir: "Hər kəsin yaşamaq hüququ vardır”. 28-ci maddə isə azadlığı vurğulayır: "Hər kəsin azadlıq hüququ vardır”.

Fikir və söz azadlığı isə Konstitusiyanın 47-ci maddəsində öz əksini tapmışdır:
"Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz”.

Konstitusiyanın 155-ci maddəsində deyilir: "III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi haqqında təkliflər referenduma çıxarıla bilməz”. Bu da dövlətin insan hüquq və azadlıqlarına verdiyi dəyəri ifadə edir. Yəni, bu hüquqlar daimi olaraq bizə verilmişdir, onları nəinki dəyişdirmək hətta bu təklifləri referenduma çıxartmaq belə mümkünsüzdür. 

Göründüyü kimi, bizim bir çox hüquqlarımız vardır. Bu hüquqlarımızı bilmək, onlardan istifadə etmək bizim ləyaqətli və nümunəvi vətəndaş kimi formalaşmağımız üçün böyük əhəmiyyət daşıyır.

Müəllif: Tural Cəfərov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->