Azərbaycanda dörd bankın kapitalı 50 milyon manatdan aşağıdır. Bu barədə Azərbaycan Mərkəzi Bankının bu il üçün yanvar ayının hesabatında qeyd olunur. Amma hesabatda həmin bankların adının çəkilməməsi əhali arasında çaşqınlığa səbəb olub.
İqtisadçı ekspertlər Mərkəzi Bankın hesabatında qeyd olunan 4 bankın adının çəkilməməsinin səbəbini belə izah edirlər ki, fəaliyyəti tam dayandırılmadığı müddət ərzində, adını açıqlamaq bu bankların reputasiyasına ziyan vura bilər.
Qeyd edək ki, ötən ilin sonlarına yaxın mətbuatda bir neçə bankın kapitalının 50 milyondan aşağı olması ilə bağlı məlumatlar yer almışdı. Həmin banklar siyahısında AzəriKreditBank, Atrabank, Dekabank, Yunayted Kredit Bank və Bank Avrasiyanın adları var idi. Analitik.az-ın əməkdaşı adları çəkilən banklarla əlaqə saxlayıb.
“AzəriKredit Bank”dan a deyiblər ki, bankın kapitalı hazırda 26 milyon manatdır, bunun 50 milyon manata çatdırılması ilə bağlı tədbirlər görülür.
“Atrabank”dan bildiriblər ki, ötən ilin dekabrından artıq bankın məcmu kapitalı 50 milyon manata çatdırılıb.
“DekaBank”dan verilən məlumata görə, nizamnamə kapitalı hazırda 53 milyon manata yaxındır və bank haqqında bu tip xəbərlərin yayılmasının heç bir əsası yoxdur.
Pakistan Milli Bankının Bakı filialının baş menecerinin müavini Sahib Quliyev bankın bağlanacağı ilə bağlı fikirləri əsasız sayaraq, bu kimi məlumatların yayılmasının müştərilərdə çaşqınlıq yaradacağını vurğulayır: “Birincisi, onu qeyd edim ki, bizim bank filialdır. Və əsas ofisi Pakistanda yerləşən bankımızın məcmu kapitalı 5 milyard dollardır. Bakı filialına gəldikdə isə kapitalımız 10,3 milyon manatdır. Kapitalın artırılması prosesi hazırda davam edir. Ümumiyyətlə, bizim qanunlarda boşluq var. Çünki bizim bank filial olduğu üçün bağlana bilməz.”
Bank Avrasiya”dan da bildiriblər ki, bankın nizamnamə kapitalı Azərbaycan Mərkəzi Bankının tələbinə uyğunlaşdırıaraq, 50 milyon manata çatdırılıb.
“Yunayted Kredit Bank”dan isə suallarımıza cavab verən olmayıb.
Qaynar.info