Məlum olduğu kimi Mərkəzi Bank 2012-ci ilin yayında qərar verib ki, 2013-cü ilin sonuna qədər ölkədəki banklar məcmu kapitalını 50 milyon manata qədər artırmalıdır. Bu o deməkdir ki, məcmu kapitalı 50 milyon manatdan aşağı olan banklar fəaliyyətini dayandırmalıdır.
İqtisadçı ekspert Samir Əliyev Aktual.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bank banklara müəyyən alternativlər də təklif etmişdi: "Bunlardan biri də bankların bank olmayan kredit təşkilatına çevrilməsidir. 2013-cü ildə bankların bu tələbi ödəyə bilməməsi səbəbindən Mərkəzi Bank vaxtı 2014-cü ilin dekabrın 31-nə qədər uzatdı. Bu müddətdə xeyli bank qoyulan tələbi ödəyərək məcmu kapitallarını artırdı. Amma təxmini müşahidələrə göstərir ki, 4-5 bank bu tələbi ödəyə bilməyib. Çünki məlumatlar çox gizli konfedensial saxlanılır. Bununla bağlı Mərkəzi Bank rəsmi olaraq hələ də açıqlamayıb ki, neçə bank fəaliyyətini dayandırdı, hansı banklar kredit təşkilatı olaraq fəaliyyət göstərəcək. Əvəzində görürük ki, bəzi banklar bu ilin yanvar ayında Mərkəzi Bankın tələbini ödəmək üçün qiymətli kağızlar bazarında səhmlər satışa çıxarıblar. Bu qərarın müddəti bitibsə, həmin bankların səhmləşməyə getməsi o anlama gəlir ki, Mərkəzi Bank vaxtı qeyri-rəsmi müddətə uzadıb".
Bununla bağlı apardığımız kiçik araşdırmalardan sonra məlum oldu ki, "Evrobank" və "Azərbaycan Kredit Bankı" 19.01.2015-ci il tarixdə Bakı Fond Birjasında Mərkəzi Bankın tələbini ödəmək üçün səhmlərini satışa çıxarıblar.
"Evrobank" hər biri 500 manat olmaqla 78000 ədəd səhm satışa çıxarıb. Ümumi dəyəri 39 milyon manat təşkil edir.
"Azərbaycan Kredit Bankı" isə hər birinin nominal dəyəri 224 manat olan 173 min ədəd səhm satışa çıxarıb. Bunun da ümumi dəyəri 38.8 milyon manat təşkil edir.
Qaynar.info