
Bir neçə gün öncə Azərbaycan Respublikası Vergilər Naziri Fazil Məmmədovun Milli Məclisdə vergi qanunvericiliyinə ediləcək çoxsaylı dəyişikliklərlə bağlı çıxışı həm ictimaiyyət, həm də biznes subyektləri tərəfindən ciddi maraqla qarşılanmaqdadır.
Ümumiyyətlə, Vergilər Nazirliyi müasir İKT imkanlarından istifadə səviyyəsinə və bir sıra digər müasir xidmətlərə görə ölkədə ən aparıcı orqanlardan bəlkə də birincisidir. Bundan başqa qloballaşma şəraitində vergi sistemi bir tərəfdən büdcə gəlirlərinin əsas mənbəyi olmaqla, digər tərəfdən iqtisadiyyata investisiyaların cəlbi ilə bağlı ölkənin rəqabətqabiliyyətliliyini də müəyyən edən əsas faktorlardan biridir. Lakin, hər bir sahədə olduğu kimi vergi qanunvericiliyinin də daim yeni tələblərə uyğunlaşdırılması zəruri məsələlərdəndir. Belə ki, mövcud vergi qanunvericiliyində bir sıra məsələlər vardır ki, zənnimizcə onların təkmilləşdirilməsi hazırkı dövrdə daha böyük önəm kəsb etməkdədir.
Vergi məcəlləsinin 67-ci maddəsinə əsasən bir sıra hallarda vergi orqanı əlaqəli məlumatlara əsasən vergiləri yenidən hesablamaq hüququ vardır. Qanundakı əsas problem ondan ibarətdir ki, vergilər bu cür əlaqəli məlumatlara əsasən hesablandıqda vergi orqanı həmin hesablama üçün əlaqəli məlumatlar barədə heç bir açıqlama vermək vəzifəsi yoxdur. Təbii ki, bu vergi orqanları tərəfindən vergi ödəyicilərinə qarşı istifadə edə biləcək ciddi rıçaqdır. Yəni, əgər vergi orqanı əlaqəli və ya analoji məlumatlara əsasən vergi ödəyicisinə əlavə vergi öhdəliyi hesablayırsa, bu zaman həmin hesablama üçün əlaqləli məlumatların ətraflı izahatını verməyə və hesablanmış vergi məbləğini isbat etməyə iddia edən tərəf kimi vergi orqanı heç bir məsuliyyət daşımır. Digər tərəfədən, hətta nəzəri olaraq bu cür əlavə vergi hesablanması vergi hesabatını vaxtında təqdim etmiş vergi ödəyicisinə belə tətbiq edilə bilər.
Məsələn, vergi orqanı vergi hesabatını vaxtında təqdim etmiş vergi ödəyicisinə kameral vergi yoxlaması açaraq beş gün ərzində müəyyən məlumatlar və sənədlər tələb edə bilər, beş gün ərzində tələb olunan məlumatları hazırlana bilmədikdə və ya məntiqlə həmin məlumatlar beş gün ərzində təqdim olunduqda belə həmin məlumatları vergi orqanı tələb olunmuş məlumatlar hesab etməyə bilər və ya sadəcə elektron məktub vergi ödəyicisi tərəfindən oxunmaya bilər, bu hallarda mövcud qanunvericiliyinə vergi orqanı əlaqəli məlumatlara əsasən əlavə vergi məbləği hesablaya bilər, hansı ki, həmin hesablama üçü əsaslanmış hər hansı əlaqəli məlumatın təfsilatlı izahını vermək belə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu qanun praktikada ona səbəb olur ki, vergi məmurunun kameral vergi yoxlaması zamanı stol arxasında hesabladığı hər hansı məbləğə görə məhkəmə prosesində vergi ödəyicisi aylarla vaxt itirir. Əlbətdə, bir sıra qabaqcıl ölkələrdə oxşar və ya analoji vergi ödəyicilərinin müqayisəsi vergi yayınmalarına qarşı mübarizə üsulu olaraq aparılır, lakin fərq ondan ibarətdir ki, uyğunsuzluq aşkar olunan zaman həmin vergi ödəyicisinə dərhal əlavə vergi hesablamaqla yox, digər metodlarla, məsələn, vergi yoxlaması təşkil etməklə məsələ araşdırılır.
Digər bir məsələ isə kənd təsərrüfatı məhsullarının əksər vergilərdən azad olması ilə bağlıdır. Bəs vergitutma məqsədləri üçün kənd təsərrüfatı məhsulu nədir? Vergi orqanları kənd təsərrüfatı məhsulunun anlayışının açıqlanması üçün Dövlət Statistika Komitəsinin məhsulların təsnifatı ilə bağlı qərarını əsas götürür. Bu qərara əsasən bioloji aktivdən alınmış emal məhsulları kənd təsərrüfatına aid edilmir. Məslən, inək öz-özlüyündə kənd təsərrüfatı məhsulu hesab olunduğu halda onun kəsilməsi nəticəsində olan ət kənd təsərrüfat məhsulu hesab olunmur və ya sağılmış xam süd kənd təsərrüfatı məhsulu hesab olunduğu halda, həmin süd qablaşdırıldıqda, eyni zamanda süddən alınmış pendir, qatıq, şor və s. kimi məhsullar kənd təsərrüfatı məhsullarına aid edilmir. Kənd təsərrüfat məhsuluna bu formada yanaşma nəticəsində sahənin vergidən azad olunması həmin sahəyə uzunmüddətli investisiya qoyuluşu üçün heç də ciddi stimullaşdırıcı əhəmiyyət kəsb etməyəcəkdir. Çünki, kənd təsərrüfatına verilmiş vergi güzəştlərindən istifadə etmək istəyən bir vergi ödəyicisi, məsələn, ətlik inəkləri yalnız diri halda satmalı və ya süd yalnız açıq halda bazara təklif edilməlidir, əks halda yəni, ət olaraq satdıqda və ya qablaşdırılmış süd və süd məhsulları kimi satdıqda bu güzəştlərdən istifadə edə bilməyəcəkdir. Bu baxımdan, vergitutma məqsədləri üçün kənd təsərrüfatı məhsullarının təsnifatının genişləndirilməsinin mövcud vergi güzəştlərinin daha effektli işləməsinə şərait yarada bilər.
Səftər Vəlizadə
AMEA-nın doktorantı
Qaynarinfo.Az