Xəbər lenti

Hansı pullar dövriyyədən çıxarılır? – Yararsız pul nişanlarının əlamətləri
Ekonomiks 16:26 15.04.2026

Hansı pullar dövriyyədən çıxarılır? – Yararsız pul nişanlarının əlamətləri

Azərbaycan Mərkəzi Bankı yenilənmiş 100 manatlıq pul nişanını dövriyyəyə buraxır. Yeni əskinas hazırda istifadə olunan 100 manatlıqlarla birlikdə dövriyyədə olacaq. Onlar ödəniş vasitəsi kimi heç bir məhdudiyyət olmadan qəbul ediləcək.

Bu yeniliklə bağlı olaraq milli pul nişanlarının tədavülə yararlılığı məsələsi də yenidən gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanda nağd pul dövriyyəsinin təhlükəsizliyi və keyfiyyəti xüsusi qaydalarla tənzimlənir. Bu qaydalar həm banklar, həm də vətəndaşlar üçün pulun etibarlı istifadəsini təmin edir. Fiziki cəhətdən zədələnmiş, köhnəlmiş və ya saxtakarlıq əlaməti olan pullar dövriyyədən çıxarılır.

Qaydalara əsasən, banklar qəbul etdiyi pulları xüsusi avadanlıqlarla yoxlayır və emal edir. Yalnız yararlı olan pullar yenidən dövriyyəyə buraxılır. Standartlara uyğun olmayan pullar isə Mərkəzi Banka təhvil verilir.

Yararsız pul nişanları necə müəyyən edilir?

Kağız pullar xüsusi cihazlarla yoxlanılır. Əgər texniki göstəricilərdən kənarlaşma varsa, bu pul yararsız sayılır. Kiçik fərqlər (5 faizə qədər) isə qəbul edilə bilər.
Əl ilə yoxlama zamanı aşağıdakı hallardan biri varsa, pul yararsız sayılır:

- üzərində kəsik, çatışmayan hissə, yazı və ya ləkə varsa

- güclü çirklənmə və rəng solması varsa

- yapışqan lent və ya başqa vasitə ilə yapışdırılıbsa

Metal pullar üçün qaydalar

Metal pullar da yoxlanılır. Əgər onların çəkisi, ölçüsü və ya forması standartdan fərqlənirsə, yararsız hesab edilir.

Bank avadanlıqları ilə bağlı tələblər

Bankomatlar və digər pul qəbul edən cihazlar yalnız yoxlanılmış pulları qəbul etməlidir. Bu cihazlar saxta pulları tanımalı və onları qəbul etməməlidir.

Bu qaydalar nağd pul dövriyyəsinin təhlükəsizliyini təmin edir. Vətəndaşlar da köhnəlmiş və yararsız pulları banklara təhvil verməlidirlər.
 
Günay
--> -->