
Jalə İSMAYIL
Çoxdan tanıyırıq bir-birimizi.
Mənim tanıdığım adam çox kövrək, çox ağıllı, analitik təfəkkürlü, geniş dünyagörüşlü, elmə məlum olan bütün sahələr haqqında məlumatlı, maraqlı həmsöhbət, yaxşı dostdur. Day bir neçə dil bilməsini heç demirəm.
Amma ona hücumlar var. Və bu hücumlar anketlərdə “sex” bölməsində “həftədə 1-2 dəfə” yazan millət vəkilikimilər fəsiləsindən olanlara edilən hücumlarla eyni səviyyəlidi.
Adamı doğrudan ağrıdır. Mənim tanıdığım adam buna layiq deyil.
Amma o bunu seçib, seçir. Seçəcəkmi?
Mənim tanıdığım adam öz qabiliyyətinə görə ölkə idarəçiliyi piramidasının yuxarılarında qərar tutacaq adamdı. Uşaq bağçasında tərbiyəçi olacaq qədər səbirli və humanist, xarici siyasəti yönləndirəcək qədər uzaqgörən bir adamı bu vəziyyətdə görmək dalana dirənməkdi öz düşüncələrində.
Hə, dostum, onlar səndən istedadlı deyillər. Onlar heç vaxt sənin kimi yaza bilməyəcəklər. Sənin kimi görə bilməyəcəklər. Onların topu bir yerdə sənin bu gün bildiyini heç vaxt bilməyəcək.
Amma
ONLAR HAQLIDILAR!
Öz mübarizələrində, öz düşüncələrində, öz haqlarını tələb etmələrində çox haqlıdılar. Onlar öz spontan, nəzəriyyəsiz, nəticəsi naməlum etirazlarında “sokağın tavanı kadar” haqlıdılar.
Və sənin bu qarşılaşmada HAQSIZ olmağın məni incidir.
Bu ölkənin düşünən bir beynini, heç şişirtmədən, parlaq bir zəkasını şərin yanında görmək incidir məni.
Səni müdafiə edə bilməmək isə daha çox incidir. Həqiqət həmişə daha əzizdi. Bacardığım qədər onu daha əziz tutmağa çalışdım. Çünki həqiqətin dost olmasına tərəfdaram. Bir də dostun həqiqət olması kimi bir xoşbəxtlik var dünyada. Dostlarımı həmişə haqlı görmək istəyirəm – xoşbəxt olmaq istəyirəm.
Bu xarabada müstəqil media yaransın, mən də tərəfsiz həqiqətlər oxuyum deyə illərdi gözləyirəm. Əslində mənim bu dostum çoxsaylı dost-tanışların ümumiləşdirilmiş obrazıdı. O qədər yaxşı adam var ki, orda – qarşıda. Susan və susa bilməyən. Onların yerində olub susa bilmək də böyük cəsarətdi.
Biz – gənc yanında yaşlı, yaşlı yanında gənc görünən biz, hətta əxlaqını, savadını, davranışını, həyat tərzini, metodlarını bəyənməsək belə, gəncliyin – yeniliyin, mübarizənin, çılğınlığın, gələcəyin yanında olmaqla yalnız qazana bilərik. Ən azı, ikinci gəncliyimizi - ömrümüzün ikinci baharını. Bu bahar cana doyduğumuz həyatımızı dəyişə də bilər, yox, dostum?
Ən əsası, onlar haqlı olduqları üçün onlarla olmalıyıq, onların qarşısında deyil. İndi də etiraz etməyib, nə vaxt edəcəklər? İndi də dəstəkləməyib, nə vaxt dəstəkləyəcəyik?
Psixoloji, maddi, mənəvi vəziyyətimiz elədir ki, bu, artıq hər kəsin öz həqiqəti məsələsi deyil. Onların elədikləri baş verənlərin məntiqi nəticəsidir, məntiqin özüdür. Və məntiq həqiqətlərdən fərqli olaraq, bir dənədir.
Dostlarımı sevirəm. Haqlı dostlarımı daha çox sevirəm. Mübarizə aparan dostlarım isə sevgimin fövqündədirlər.