Xəbər lenti

Həbs olunan “Nida”çı “BP"-nin işçisi çıxdı
Ölkə12:06 03.04.2013

Həbs olunan “Nida”çı “BP"-nin işçisi çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Rəşadət Axundov “BP-Azərbaycan” şirkətinin işçisidir və şirkət onun haqında müsbət xasiyyətnamə verib”. 

“Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan üzvü Rəşadət Axundovun vəkil Namiq Hacıyev aprelin 3-də “Media forum” saytına açıqlamasında belə deyib.

Vəkilin sözlərinə görə, “BP-Azərbaycan” şirkətinin rəhbərliyi Rəşadət Axundovu nümunəvi işçi kimi 2013-cü ildə mükafatlandırıb: “Bizə verilən xasiyyətnamədə yazılıb ki, Rəşadət Axundov şəxsi təcrübəsinin və biliklərinin, davranışının, uğurlu davamiyyətinin qarşılığı kimi BP rəhbərliyi tərəfindən daha yüksək dərəcə ilə mükafatlandırılıb. Həbsindən sonra şirkət onu işdən azad etməyib. Çünki “BP-Azərbaycan” belə vəziyyətlərdə əməkdaşlarını işdən çıxarmır”.

Namiq Hacıyev qeyd edib ki, yaşayış yerindən də Rəşadət Axundovla bağlı müsbət xasiyyətnamə verilib: “Rəşadət Binəqədi rayonu ərazisində yaşayır. Binəqədi Rayon İcra Hakimiyyətinin balansında olan “Statistik” Mənzil-Tikinti Kooperativinin rəhbəri A.Məmmədovun imzaladığı xasiyyətnamədə yazılıb: “Rəşadət Axundov nizam-intizamlı davranışı ilə seçilib, yaşadığı binanın sakinləri ilə daima yaxşı ünsiyyətdə olub, ictimai işlərdə fəal iştirak edib, öz davranışı ilə bütün əxlaq normalarına əməl edən, vətənpərvər və öz ailəsinə bağlı gənc kimi tanınıb. Onunla bağlı qonşulardan indiyədək nə yazılı, nə şifahi şikayət daxil olmayıb. Mən və təmsil olunduğum kooperativ Rəşadət Axundovu gündəlik işə gedib qayıdan, boş vaxtlarında yaşadığı ərazidə faydalı işlərlə məşğul olan gənc kimi tanımışıq. Bu xasiyyətnamə və ərizə Baş Prokurorluğa təqdim olunmaq üçün verilir”. Biz bütün bu sənədləri toplayıb cinayət işinə xitam verilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərəcəyik”.  

Namiq Hacıyev onu da bildirib ki, bu ay Rəşadət Axundovun övladının dünyaya gələcəyi gözlənir.

Rəşadət Axundov martın 30-da həbs olunub. Nəsimi Rayon Məhkəməsi onun haqqında üç aylıq həbs qətimkan tədbiri seçib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham edir.

Aprelin 4-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Rəşadət Axundovun şikayətinə baxılacaq. Vəkil Namiq Hacıyev “Media forum”a bildirib ki, apellyasiya şikayətində Nəsimi Rayon Məhkəməsinin qərarının ləğv olunmasını və Rəşadətin azadlığa buraxılmasını istəyiblər: “Məhkəmə onun barəsində həbs qətimkan deyil, ev dustaqlığı, polisin nəzarətinə verilmə, başqa yerə getməmə kimi tədbirlər də seçə bilərdi”.

Rəşadət Axundovun müdafiəsinə daha bir vəkil qoşulub. Bu, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılıdır.

Qaynar.info