Xəbər lenti

Həbsdəki iş adamı icra başçısını fakt qarşısında qoydu - FOTOLAR
Ölkə09:59 21.04.2014

Həbsdəki iş adamı icra başçısını fakt qarşısında qoydu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müqayis Verdiyev: «Ən böyük dələduz Nizaməddin Quliyevin özü və oğludur»

Artıq bir neçə gündür Goranboyun İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevlə həbs etdirdiyi iş adamı Müqayis Verdiyev arasında qarşılıqlı ittihamlar geniş şəkildə yayılmağa başlayıb. Ötən həftə iş adamı icra başçısına ünvanladığı məktubunda Nizaməddin Quliyevə qarşı bir sıra sərt ittihamlar irəli sürmüşdü. 

Dünən isə «Yeni Müsavat» qəzetinə açıqlama verən Goranboyun İcra Hakimiyyəti bir sıra fikirlər açıqlayıb. 

Həmin açıqlamasında İcra Hakimiyyəti Müqayis Verdiyevə qarşı bir sıra ittihamlar irəli sürməklə yanaşı, həm də Nizaməddin Quliyevin onu tanımadığını iddia etmişdi. Məsələ ilə bağlı vəkili vasitəsi ilə mətbuata yazılı açıqlama göndərən M.Verdiyev sözügedən İcra Hakimiyyəti və onun başçısına cavab verib.

Verdiyev bildirib ki, Nizaməddin Quliyevin açıqlaması təpədən-dırnağa böhtandır. O vurğulayıb ki, icra başçısının onu tanımadığını deməsi, Günəşi danmaq kimi bir şeydir. «Bu adam necə iddia edə bilər ki, məni tanımır? Günlərlə bir yerdə olmuşuq, Goranboyda həyata keçirilən tikinti işləri ilə maraqlanmaq üçün mənimlə dəfələrlə rayonun küçələrini gəzmişik. Bunu təsdiq edən fotoşəkillər var. Həmin fotoları da sizə göndərirəm və bundan sonra onun nə deyəcəyi maraqlıdır. Əgər bu adam fotoları da inkar edərsə, o zaman Nizaməddin Quliyev bütün dəyərləri ayağının altına qoymuş bir kimi tanınmalı olacaq».

İş adamı daha sonra qeyd edib ki, Nizaməddin Quliyev dəfələrlə ondan rayondakı tikinti işlərini aparmağı xahiş edib. «Mən görülən işlərin pullarını «Fəqan Xidmət»in rəhbərindən deyil, həmişə ya Nizaməddin Quliyevdən, ya onun müavini Baxış Abdullayevdən, ya oğlu Ramal Quliyevdən, ya da sürücüsündən almışam. Bu adam törətdiyi əməli ört-basdır etmək üçün nə edəcəyini bilmir. Deyir ki, mən əvvəllər də mühakimə olunmuşam. Bəli, mən inkar etmirəm, amma onların hamısı yenə də məhkəmə qərarı ilə günahsız olduğumu üzə çıxarıb. Madam mən dələduzluq etmişdim, o zaman Nizaməddin Quliyev niyə mənimlə işləyirdi? Dələduz onun özüdür ki, dövlətin pullarını mənimsəyib, günahı da mənim üzərimə atıb. İndi də bilmir hansı bəhanə ilə mənə şər atsın». 

Müqayis Verdiyev İcra Hakimiyyətinin açıqlamasında yer alan «Biz onun həbsi ilə bağlı göstəriş verməmişik» sözlərinə də aydınlıq gətirib. «Bu adamın həyatı belə yalan üzərində qurulub. Öz imzası ilə göndərdiyi məktublar əlimizdədir. Onları mətbuat vasitəsi ilə yayımlamışıq. Bu adam əgər prokurorluğa həbsimi həyata keçirmək üçün imzaladığı sənədi də inkar edirsə, həqiqətən Nizaməddin Quliyev bütün dəyərləri itirib. Əgər cəsarəti çatırsa, kişi kimi desin ki, bunu o edib. Yoxsa, bu cür heç bir normaya sığmayan yalanları danışmaqla özünü daha da batırmasın». 

Həbsdəki iş adamı sonda Nizaməddin Quliyevin dövlət əmlakını rnecə taladığı və oğlanlarının əlində əsir qaldığı məqamlara da toxunub. «Mən Nizaməddin Quliyevi anlayıram. Başa düşürəm ki, o, oğlu Ramal Quliyevin dəfələrlə onu milyonluq ziyanlara salıb. Həmin borcları bağlamaq lazım olub və o da dövlətin pullarını oğlunun problemlərinə sərf edib. Bunu dəfələrlə mənim qarşımda ağlayaraq etiraf da edib. Deyib ki, oğlu Ramal onu davamlı olaraq bəlalara salır və nə edəcəyini bilmir. İndi sual edirəm, dələduz mənəm, yoxsa sən və sənin oğlun? Prezidentin sizə göstərdiyi etimadı doğrlutmaq əvəzinə, onu aldatmaqla məşğul olan sizlərsiz, mən yox. Böyük bir rayonu viran qoyan sizlərsiz, mən yox. 

Əgər mən dələduz idimsə, niyə mənim altımda onun oğlanlarının mindiyi yüz minlik maşınlardan yoxdur? Bu ada melə zənn edir ki, tutduğu əməllərdən kimsənin xəbəri yoxdur. Daha bilmir ki, taladığı Goranboy rayonu özünün ən acınacaqlı və dəhşətli günlərini yaşayır».

Müqayis Verdiyev yekun olaraq qaldırdıqları iddianın üzərində durduqlarını bildirib. «Bizim tələbimiz odur ki, «Fəqan Xidmət»in fəaliyyəti araşdırılsın. Tam əminliklə deyirəm ki, əgər bu araşdırılma aparılarsa, təkcə həmin şirkətin deyil, ona havadarlıq edən Nizaməddin Quliyev və oğlu Ramal Quliyevin dövlətə nə qədər zərər vurduqları bütünlüklə üzə çıxacaq. Və o zaman ən böyük dələduzun Nizaməddin Quliyev olduğu aşkarlanacaq».  

Qaynar.info