"Mədəniyyət Nazirliyi məni heç bir işlə təmin etməyib. Bundan əlavə, nazirlikdən kimsə mənə işlə təmin olunub-olunmayacağımla bağlı heç nə deməyib".
Bunu Qaynarinfo-ya aktyor Allahverdi Yolçuyev deyib. Aktyor ümidini üzmədiyini də əlavə edib:
"Nə yaxşı ki, ümid var, oturub sentyabrı gözləyirəm. Deyirəm, bəlkə məzuniyyətdən qayıdandan sonra məni işlə təmin edərlər. İndi işlə təmin olunsaydım, sentyabrda maaş alardım. Heç olmasa deyə bilərdilər ki, payıza kimi gözləyin, yeni mövsümdə məsələnizə baxılacaq. Bu da olmadı".
Havaların isti keçməsi ilə əlaqədar aktyor 10 gündür evdən çıxa bilmədiyini də deyib:
"Alver olmasa, pul da olmur. Haqqımda yayılan məlumatlardan sonra həmkarlar 300 manat göndərdilər. Bu aylıq dərmanlarımı onunla aldım".
Qeyd edək ki, uzun müddətdir xəstə olan aktyor Allahverdi Yolçuyevin küçədə corab satması böyük müzakirəyə səbəb olmuşdu. Videoda aktyor iynə-dərmanlarını corabın pulu ilə aldığını deyir.
Elə həmin gün Mədəniyyət Nazirliyi aktyorun işlə təmin olunacağı ilə bağlı açıqlama yaymışdı. Açıqlamada bildirilib ki, Allahverdi Yolçuyevin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir.
Bahar Rüstəmli
Şərhlər