Azərbaycanlı paralimpiaçı Oloxan Musayev Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında nüvə itələmə növündə 11.74 m nəticə göstərərək 4-cü yerə çıxıb. Beləliklə, Musayev Paris Paralimpiadasına vəsiqə əldə edib.
Bu, həm də Paris-2024 Yay Paralimpiya Oyunlarına komandamızın ilk lisenziyasıdır.
Qaynarinfo-ya danışan idmançı hisslərini belə ifadə edib:
"Lisenziyaya ümidim var idi. Bəzi nəticələr, bəzi idmançılar mənim üçün sürpriz oldu. Məsələn, bolqar idmançıdan belə nəticə gözləmirdim. Bu dəfə yüksək nəticəyə hazır deyildim. İnşallah, olimpiadaya yaxşı hazırlaşacağam.
Əslində bu yarışa çox ciddi yanaşmadım. 10-12 metrəyə hazırlaşmışdım. Sadəcə lisenziya üçün gəlmişdim. Şükürlər olsun ki, onu da əldə etdim. Özümü üçlükdə görürdüm, ancaq qismət belə imiş. Hər şey yaxşı oldu. Əslində təlim-məşqlər olmamışdı. Nəinki məndə, ümumi paralimpiyaçılarda hazırlıq zəif oldu. Ancaq gələn ilin fevral-mart aylarında maksimum nəticəmi yüksəltməyə çalışacağam.
Ümidim var. Hədəfim Paralimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Digər olimpiada dönəmlərində səhhətimlə bağlı problemlə üzləşmişdim. Məsələn, ötən Paralimpiya Oyunları zamanı yüksək təzyiqim oldu. Mənim qəbul etdiyim dərman var. Olimpiada 5 ay qalmış dərmanımdan istfadə edə bilmədim. Ona görə Türkiyədə keçirilən olimpiadada çox həyəcan keçirdim və təzyiqim qalxdı, nəticədə medalsız qaldım. Ancaq çalışacağam ki, "Paris-2024"də medalsız qalmayım".
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunların 28 avqust-8 sentybar tarixləri arasında keçiriləcək.
Röya Kərimli