Ekonomiks 18:33 02.04.2024

Hesablama Palatası ilə keçmiş məmurun şirkəti arasında 944 manatlıq müqavilə

Hesablama Palatası "Koruks AV S.R.O" Şirkətinin Azərbaycandakı Filialı ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 944 manat olan müqavilədə Hesablama Palatasının inzibati binasındakı sərnişin liftinə texniki xidmətlərin göstərilməsi nəzərdə tutulur. Texniki xidmət 10 ay üçün nəzərdə tutulub. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Krokus AV S.R.O" Şirkətinin Azərbaycandakı Filialı 1 iyul 2014-cü ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov ev 15-də yerləşən şirkətin qanuni təmsilçisi Xəlilov Emil Vaqif oğludur. 

Emil Xəlilov Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tərkibindəki "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru olmuş Vaqif Xəlilovun oğludur. Emil Xəlilov həm də "Bakı Otis Lift" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qanuni təmsilçisidir.

Vaqif Xəlilovun digər oğlu İlkin Xəlilov isə "Krokus AV S.R.O" Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin qanuni təmsilçisidir.

Mediada gedən məlumatlara görə, əslində "Krokus AV S.R.O" şirkətinin sahibi Vaqif Xəlilovun özüdür. O, şirkəti Çexiyada təsis edib. Özü də işdən çıxarılmasından 2 ay sonra.

Seyid