
Azərbaycanın həndbol millisinə və ABU klubuna yeni məşqçi gəlib.
Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, bu, Ukraynanın əməkdar məşqçisi Georgi Voronovdur.
Əslində Voronov Azərbaycan həndboluna tanış simadır. Belə ki, o, 2007-2008-ci illərdə həm Azərbaycan millisində, həm də ABU klubunda baş məşqçi olub. O, 2008-ci ilin iyulunda həyat yoldaşının ürəyinin Azərbaycanın iqliminə tab gətirmədiyini əsas gətirərək ölkəmizi tərk etmişdi. Ancaq onu da etiraf etmək lazımdır ki, Voronovun vaxtında komanda uğurlu nəticələrlə yadda qalmamışdı.
Georgi Voronov ötən ay 59 yaşında dünyasını dəyişmiş Azərbaycan millisinin və ABU-nun məşqçisi Konstantin Ruvinskini bu postda əvəzləyib. O təxminən 1 aydır ki, bu komandaya məşqçi təyin olunub.
Qeyd edək ki, millimizin və ABU-nun baş məşqçisi Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti olan Rəfiqə Şabanovadır. Digər məşqçi isə Marina Cəfərovadır.
Qaynarinfo.Az