
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi (U-21) Avropa çempionatının seçmə qrup mərhələsində Rusiya ilə cavab oyunu keçirəcək.
Qaynar.info xəbər verir ki, bu matç Rostov-na-Donu şəhərinin "Olimp-2" stadionunda keçiriləcək. Qarşılaşmanın başlanma vaxtı martın 24-də Bakı vaxtı ilə saat 20:30-dur.
Rusiya millisinin yeni baş məşqçisi Nikolay Pisarev martın 24-də Azərbaycan, 29-da isə qrup lideri Almaniya ilə oyunlara 24 futbolçunu dəvət edib. Heyətdə Çexiya, Portuqaliya, Almaniya və Hollandiyada çıxış edən 5 legioner yer alır. Pisarev həmçinin bu komandanın əsas üzvləri olan Azərbaycan əsilli Ayaz Quliyev və Ramil Şeydayevə növbəti dəfə dəvət göndərib. Heyətdə Hollandiyada legioner həyatı yaşayan erməniəsilli Arşak Koryanın da olduğu qeyd edilməlidir.
Qapıçılar: Mixail Borodko ("Yenisey"), Aleksandr Selixov ("Amkar");
Müdafiəçilər: Dmitri Jivoqlyadov ("Dinamo"), İlya Zuyev ("Zenit"), Vyaçeslav Karavayev ("Yablonets", Çexiya), Aleksandr Kleşenko, Denis Yakuba (hər ikisi "Kuban"), Maksim Kuftin ("Stroqino"), Aydar Lisinkov ("Spartak"), Vitali Lıstsov ("Benfika", Portuqaliya), Aleksandr Serasxov ("Sokol");
Yarımmüdafiəçilər: Dmitri Barinov, Aleksey Mirançuk (hər ikisi "Lokomotiv"), Aleksey Qasilin ("Şalke 04", Almaniya), Ayaz Quliyev, Artyom Timofeyev (hər ikisi "Spartak"), Dmitri Yefremov ("Slovan", Çexiya), Roman Zobnin, Aleksandr Taşayev (hər ikisi "Dinamo"), Arşak Koryan ("Vitess", Hollandiya), İlya Petrov ("Volqa", Nijni Novqorod);
Hücumçular: Nikolay Komliçenko ("Krasnodar"), Kamil Mullin ("Sokol"), Ramil Şeydayev ("Zenit").
Pisarev Azərbaycanla oyuna cəmi 2 məşqlə çıxacaqlarını bildirib: “Komanda martın 21-də toplaşacaq və dərhal da Rostov-na-Donuya təyyarə ilə gedəcəyik. Bu müddətədək Rusiya Premyer Liqasının 1, I divizionun 2 turunun matçları keçiriləcək. Yığmaya namizədləri izləməyə davam edəcəyik. Heyətdə dəyişikliklər hələ ola bilər, amma minimal şəkildə. Martın 20-də oyunçular öz klublarında oynacaqlarından, ayın 21-də bizdə bərpaedici hazırlıq, daha sonra 2 məşq planlaşdırılıb. Martın 24-də isə artıq Azərbaycan yığmasına qarşı rəsmi matç keçirəcəyik. Ümid edirəm ki, bu matça yaxşı hazırlaşmağımız mümkün olacaq. Bundan sonra Rostov-na-Donuda qalacağıq və artıq martın 29-da keçiriləcək Almaniya yığması ilə matça hazırlaşacağıq. Heyətə gəlincə, biz komandaya öz klublarında oyun praktikası olanları çağırmağa çalışırıq”.
Qeyd edək ki, ötən ilin payızında Bakıda Rusiyanı 3:0 məğlub etmiş (nəticədə Rusiyanın əvvəlki baş məşqçisi Dmitri Xomuxa istefaya göndərilmişdi - red.) U-21 millimiz hazırda qrupun turnir cədvəlində 7 oyundan sonra 6 xalla IV yerdədir. Rusiya isə 4 oyun keçirib və 3 xalla V pillədədir.
Qaynar.info