İdman 12:07 10.03.2023

"Huner Group" "Turan Tovuz"a avtobus alınması üçün nə qədər pul xərcləyib? - Hesabat açıqlandı

AFFA-nın nəzdində Futbolun İnkişaf Fondu-nun "Turan Tovuz"la bağlı təqdim etdiyi "100k" layihəsi bitib.
 
Qaynarinfo xəbər verir ki, mövsümün əvvəlində hazırlanan və "Turan Tovuz"a avtobus alınması məqsədi daşıyan layihə artıq tamamlanıb. Layihə avtobusun alınması üçün 100 min manat ianə toplanması ilə bağlı idi. 

Futbolun İnkişaf Fondu "Turan100k" layihəsi çərçivəsində "Turan Tovuz” üçün əldə olunmuş nəqliyyat vasitəsilə bağlı maliyyə hesabatını təqdim edib. Hesabatda satılan piksellərin əsasında 100 min manat yığıldığı göstərilib. Qiyməti 200 min manat olan nəqliyyat vasitəsinin alınması üçün isə əlavə 100 min manatın da klubun yeni sponsoru "Huner Group" tərəfindən ödənildiyi bildirilib.


 
Ancaq məsələ burasındadır ki, avtobusun "100k"nın hesabına alınması, daha doğrusu, layihə əsasında 100 min manatın toplanması şübhə doğurur. Çünki FİF rəsmiləri hər dəfə açıqlamasında konkret rəqəm göstərməsələr də ianə toplanmasının istənilən səviyyədə getmədiyini, lazım olan məbləğin yığılmadığını açıqlayırdı. Qısa müddətdə böyük dəyişikliklərin baş verdiyi inandırıcı olmadığı üçün avtobusun xərclərinin tamamlanmasında və alınmasında klubun yeni sponsoru "Huner Group"un əsas rol oynadığı qənaətinə gəlmək olar. Yəni hesabatda şirkətin 100 min manat məbləğ ödədiyi bildirilsə də, göstəriləndən daha çox vəsait ayırması mümkündür.

Səbuhi Həsənov