Adətən futbolçular peşəkar karyeralarını bitirdikdən sonra məşqçiliyə yönəlirlər. Hər halda ömrünü futbola həsr etmiş bir insan üçün ən ideal addımdır. Bildiklərini gələcək nəsillərə ötürmək istəyənlər məşqçi kurslarına yazılır və daha da inkişaf etməyə çalışırlar. Məşqilik kurslarında iştirak edən futbolçulardan biri də son mövsümü "Qəbələ"də keçirmiş Cavid Hüseynovdur.
Artıq gələcəklə bağlı planlar qurmağa başlayan 33 yaşlı futboçu özü bu barədə Qaynarinfo-ya açıqlama verib. O, kurslarda iştirak etdiyini və gələcəkdə məşqçi kimi çalışmaq istədiyini bildirib:
"Aradakı boşluğu dəyərləndirmək istədim. İnşallah gələcəkdə məşqçi olmaq fikrim var. Onsuz da millinin oyunçularına C kateqoriyası verilir. Mən də vaxtımı dəyərləndirmək istədim. İki gündür başlamışam. C kateqoriyasına malik olsam da, nəzəriyyəni öyrənirəm. Praktiki təcrübəm var, lakin bildiklərimi uşaqlara aşılamaq üçün kurslarda iştirak etməyi vacib saydım. Həyatdı də bilmək olmaz. Hardan başlamaq istəyirəm? Bu məndən asılı olan bir şey deyil. Bunu zaman göstərər. Desəm ki, belədi, sabah hər şey fərqli ola bilər. C kateqoriyası uşaq futboluna aiddir. Əlbəttə ki, B və A ketqoriyalarını da oxumaq istəyirəm".
Səbuhi Həsənov